![“Rapid” Bakıya onu gətirmir](https://apasport.az/storage/news/2022/august/03/big/62ea224ae08df62ea224ae08e0165951137062ea224ae08dd62ea224ae08de.jpeg)
Konfrans Liqasının III təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq “Rapid” Bakıdakı ilk oyuna itki ilə gəlir.
Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı baş məşqçi Ferdinand Feldhofer verib.
O bildirib ki, bir neçə dəqiqə sonra Bakıya yola düşəcək heyətdə mərkəz müdafiəçisi Martin Moormann yer almayacaq. Çalışdırıcı zədədən əziyyət çəkən 21 yaşlı oyunçunun daha 2-3 həftə kollektivdən ayrı qalacağını açıqlayıb.
Əvəzində hücumçular Ferdi Druyf və Yusuf Demir Avstriya təmsilçisində məşqlərə qayıdıb.
Qeyd edək ki, sabah “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Rapid” oyunu saat 20:00-da başlayacaq. Bu komandalar arasında cavab matçı avqustun 11-də Avstriyada baş tutacaq.