"Roma" və "Xəzər Lənkəran"ın sabiq üzvü: “Qarabağ” bir futbol komandasından daha artıqdır, görünür ki, orada əsl ailə qurublar"
02.05.2025 - 19:55
"Roma" və "Xəzər Lənkəran"ın sabiq üzvü: “Qarabağ” bir futbol komandasından daha artıqdır, görünür ki, orada əsl ailə qurublar"

“Roma” və “Xəzər Lənkəran”da çıxış etmiş Adrian Pit Apasport.az saytına müsahibə verib.

- Azərbaycan Premyer Liqasını izlədiyini bilirəm. Bu mövsüm çempion “Qarabağ” oldu. Yəqin ki, sənin üçün gözlənilməz olmadı?
- Əlbəttə ki, daimi olaraq Azərbaycan çempionatını izləyirəm. Orada baş verən demək olar ki, hər şeyi bilirəm. Təbii ki, “Qarabağ”ın çempionluğunu da gördüm. Hər halda, hamıdan güclü oldular və çempionluğu qazandılar.

- Səncə nəyə görə heç bir komanda “Qarabağ”a rəqib ola bilmir?
- Əvvəl dediyim kimi, Azərbaycanda heç kimin onlardakı kimi proqramı yoxdur. Futbolda davamlılıq önəmlidir. “Qarabağ” bir futbol komandasından daha artıqdır. Görünür ki, orada əsl ailə qurublar. Ona görə də bu cür nəticələr qazanırlar.

- Hazırda məşqçi kimi çalışırsan? Azərbaycanda işləmək fikrin var? 
- Hazırda Rumıniyada 3-cü liqada oynayıram. Məqsədim isə artıq çəki almamaqdır(gülür). Yayda isə məşqçilik məktəbi açacam və əlbəttə ki, gələcəkdə Azərbaycana gəlib işləmək mənim üçün böyük xoşbəxtlik olardı. Necə olacağını zaman göstərəcək.

- “Xəzər Lənkəran”da baş məşqçiniz olan Mirça Rednik Azərbaycanda işləməyə yaxındır. “Kəpəz”i çalışdıra bilərdi. Bu haqda fikrin necədir?
- Mirça Rednik əla məşqçidir. Azərbaycanda da çox yaxşı işi olub, özü haqda yaxşı fikirlər yaradıb..  Əminəm ki, oradan yaxşı variant var idi. Rednik Azərbaycan çempionatını əla bilir. Təbii ki, orada yenidən uğur qazanmağı bacarar.

- Rednik yenidən Azərbaycanda iddialı komanda qurub çempionluq mübarizəsində iştirak edə bilərmi? Onunla işləmək istəyərdin, çünki sən də Azərbaycan futboluna yaxşı bələdsən...
- Bundan tam əminəm. “Xəzər Lənkəran”dakı dövründə o, bu gücə sahib idi. Çünki idarə heyəti ona güvənirdi və hər şeyi etməyə icazə verirdi. “Xəzər Lənkəran”da da çox yaxşı komanda qurmuşdu. İndi isə o, “UTA Arad”ı yüksək liqada saxlamalıdır. Hazırda onun komandası bu yöndə mübarizə aparır. Mənə gəldikdə, gələcəkdə nəyin necə olacağını bilmək olmaz. Yaşayarıq, görərik.