“Bavariya”nın baş məşqçisi Vensan Kompaninin səhhəti ilə bağlı yeni məlumat yayılıb.
Apasport.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.
40 yaşlı belçikalı mütəxəssis oktyabrın 23-də klubun məşq bazasında huşunu itirərək xəstəxanaya yerləşdirilib. İlkin olaraq meningitdən şübhələnilsə də, müayinələr nəticəsində onda beyin qişalarının qıcıqlanması aşkarlanıb.
“Bavariya”nın idman direktoru Maks Eberl baş məşqçinin oktyabrın 28-də xəstəxanadan evə buraxıldığını açıqlayıb.
“Problemin səbəbi müəyyənləşdirilib. Kompaninin səhhətindəki narahatlığa beyin qişalarının qıcıqlanması səbəb olub. O, artıq evdədir və müalicəsini orada davam etdirəcək. Hazırda ona istirahət və dərman müalicəsi lazımdır. Əminəm ki, tezliklə tam sağalaraq işinə qayıdacaq”, – deyə Eberl bildirib.
Məlumata görə, Kompaninin komandanın başına ən tez noyabrın 20-də, Bundesliqada “Köln”ə qarşı keçiriləcək oyunda qayıtması gözlənilir.
Qeyd edək ki, belçikalı mütəxəssisin yoxluğunda “Bavariya”ya onun köməkçisi Aaron Denks rəhbərlik edir.