Türkiyədə klub prezidenti aclıq aksiyasına başlayıb
28.03.2025 - 12:43
Türkiyədə klub prezidenti aclıq aksiyasına başlayıb

Türkiyə 3-cü Liqa təmsilçilərindən "Denizlispor"un prezidenti Erhan Ergil şəhər meydanında aclıq aksiyasına başlayıb.

Apasport.az xəbər verir ki, 15 İyul Şəhidlər Delikliçınar meydanına gələn Ergil jurnalistlərə açıqlamasında müddətsiz aclıq aksiyasına başladığını bildirib:

"Sahur etdim və müddətsiz aclıq aksiyasına başlayıram. "Denizlispor" yox olur. Mən hazırda təkəm. Bu qərarımı heç kimlə planlaşdırmamışam. Heç kimi də mənə qoşulmağa dəvət etmirəm. Amma kimsə könüllü şəkildə qoşulmaq istəyirsə, bu məsələyə siyasət qarışdırmasın". 

Bundan öncə maliyyə problemləri yaşayan komandanın kapitanı Gökhan Süzen azarkeşlərinə və ictimaiyyətə kömək üçün müraciət etmişdi:

"5 mükafatımız, 2 maaşımız verilməyib. Futbolçuların əlində bir qəpik də yoxdur. Aprelin 2-nə kimi pul tapılmasa, daha 6 xalımız silinəcək. Bu psixologiya ilə oynayırıq. Hamımız küçə-küçə, mağaza-mağaza pul istəyəcəyik. Gəlin bizimlə olun".

Qeyd edək ki, "Denizlispor" 17 xalla Türkiyə III Liqasının IV qrupunun 15-ci pilləsində qərarlaşıb.