İngiltərədə bu mövsüm İlkay Gündoğan “fırtınası əsir”.
Apasport.az saytının məlumatına görə, “Mançester Siti”də dayaq yarımmüdafiəçisindən gizli hücumçuya çevrilən Türkiyə əsilli oyunçunun keçdiyi yol kifayət qədər diqqət çəkəndir.
“Şəhərlilər”in baş məşqçisi Pep Qvardiolanın taktiki dəyişiklikləri sayəsində qolçu futbolçuya çevrildi. Yanvarda keçirdiyi 7 oyunda 5 qol vurması və Premyer Liqada ayın futbolçusu seçilməsi buna bariz nümunədir. 31 yaşlı Gündoğan qollarına fevralda da davam edir, bu gedişlə dayanana da oxşamır. Yaxşısı budur, onun bu səviyyəyə necə gəldiyinə göz gəzdirək.
3 yaşından başlayan sevgi
İlkay 1990-cı il oktyabrın 24-də Almaniyanın Gelzenkirhen şəhərində anadan olub. Balıkesirdən köç edən valideynləri bir çox köçkün kimi mədəndə işləməyə başlayıb. O da futbola kiçik yaşda başlayanlardandır. Yaşadıqları küçədəki bir qaraj qapısını futbol qapısına çevirib, məhəllə uşaqları ilə top-top oynayardı. Ən kiçik o olsa da, istedadına görə hamıdan fərqlənirdi.
İlkayın futbola olan sevgisini görən valideynləri hələ 3 yaşında onu Hesler İdman Məktəbinə yazdırıblar. Ardından Şalke və Buer akademiyalarında təhsil alıb. İlk ciddi addımını isə 15 yaşında “Boxum”un U-17 komandasına transfer olaraq atıb. Artıq 17 yaşında “Bohum”un U-19 komandasının heyətində keçirdiyi 24 oyunda 14 qol vurub. Bu performans ona “Nürnberq”in ikinci komandasında Bundesliqa II-də oynamaq imkanı yaradıb. 2009/10 mövsümündə artıq Bundesliqa futbolçusu, eyni zamanda Almaniyanın U-20 yığmasının əvəzedilməzi idi.
Rur derbisi ilə davam edən uğur
İlk Bundesliqa qoluna və assistinə “Bavariya” ilə görüşdə imza atan Gündoğan “Nürnberq”də çox qala bilməzdi. Doğulduğu şəhərə yaxın olan Dortmundu seçib və 2011-ci ildə 5 milyon avro qarşılığında “Borussiya”ya keçib. Yurgen Klopp həm dayaq yarımmüdafiəçisi, həm orta sahə, həm də plekmeyker mövqeyində oynamağı bacaran oyunçunu çox istəmişdi. O, “Real”a gedən həmyerlisi Nuri Şahinin boşluğunu doldurmalı idi. İlkay isə bununla kifayətlənməyərək, daha artığını edib.
İlk oyunu Rur derbisi idi. “Şalke” ilə Superkubok görüşündə start heyətində yer alıb. Superkubokda məğlub olsalar da, ilk mövsümündə Almaniya kubokunu və Bundesliqanı qazandılar. Bunlar karyerasının ilk çempionluqları idi, təbii ki, son olmayacaqdı...
Qvardiolanın “Mançester Siti”dəki ilki
2013/14 mövsümünü ağır zədə səbəbindən, demək olar ki, boşa keçirsə də, bunun karyerasına mənfi təsir etməsinə imkan verməyib. Dünya çempionatını da qaçıran yarımmüdafiəçi növbəti mövsüm formasını bərpa edərək, 33 matçda meydana çıxıb. Bir mövsüm sonra oyun sayını 40-a yüksəltməklə “Mançester Siti”nin “radar”ına düşüb. Onu istəyən məhz Pep Qvardiola idi. İspaniyalı hələ “Bavariya”da çalışarkən tez-tez rəqib olduğu İlkayın oyununa heyran idi. Baş məşqçi istəyinə, nəhayət ki, nail olub, Gündoğan 2016-cı ildə 30 milyon avro qarşılığında Mançesterə köçüb. Maraqlıdır ki, o, Qvardiolanın “Mançester Siti”dəki ilk transferi kimi tarixə düşüb.
Təəssüf ki, ilk ilində çarpaz bağ zədəsi üzündən ikinci dövrəni buraxmalı olub. Ancaq çətinliklərə necə sinə gərmək lazım olduğunu yaxşı bilirdi. “Mançester Siti”nin 100 xalla çempion olduğu 2017/18 mövsümündə ümumilikdə 49 matça çıxıb, 6 qol, 7 məhsuldar ötürmə ilə buna töhfə verib. Növbəti mövsümlərdə daha səviyyəli performansla Qvardiolanı sevindirməyi bacarıb.
Uşaqlığa qayıdış
Bu mövsüm isə 31 yaşlı oyunçu Qvardiolanın əvəzedilməzidir. Çalışdırıcı onda axtardığını sanki yenicə tapıb. Çünki adi oyunçudan Premyer Liqanın liderinin qolçusuna çevrilib. Təsadüfi deyil ki, keçirdiyi 27 oyunda 13 qol vurub, 3 məhsuldar ötürmə verib.
İlkay indi uşaq vaxtı məhəllədəki kimi sevinclə, yüksək motivasiyada oynayır. Sanki zədə səbəbindən qaçırdığı oyunların qisasını alır.