“Göygöldə hazırlıqlarımızı davam etdiririk. Bu məşqlər “Paris-2024” Yay Olimpiya Oyunlarına hazırlıq məqsədi daşıyır”.
Apasport.az xəbər verir ki, bu sözləri yunan-Roma güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi Aleksandr Tarakanov yığmanın təlim-məşq toplanışı barədə federasiyasının rəsmi saytına açıqlamasında deyib.
O, fiziki və döşək üzərində məşqlər keçdiklərini bildirib: “Təxminən bununla eyni səviyyədə olan növbəti toplanışı Vladiqafqazda keçirəcəyik. Orada 6 ölkə iştirak edəcək. Daha çox döşək və güləş üçün lazım olan məşqlər olacaq. Əlbəttə ki, biz buraya müəyyən fiziki hazırlığı da daxil edəcəyik. Amma əsasən döşək məşqlərinə önəm verəcəyik. Uşaqlar yaxşı formadırlar. Əhval-ruhiyyə yüksəkdir”.
Mütəxəssis Göygöldə yaradılan şəraitdən razı qaldığını vurğulayıb: “Burada hər şey idealdır. Məşq keçdiyimiz zal, eləcə də qidalanma yüksək səviyyədədir. Azərbaycan Güləş Federasiyasına bizim üçün yaradılan şəraitə görə təşəkkür edirəm. Hədəf yüksək nəticələr qazanmaqdır”.
Göygöldə baş tutan toplanışa qatılan sərbəst güləş üzrə millinin baş məşqçisi Xetaq Qazyumov da kollektiv daxilində əhval-ruhiyyənin yaxşı olduğunu söyləyib: “Bundan sonra daha iki toplanış bizi gözləyir. Burada funksional, fiziki və texniki-taktiki məşqlərə önəm verəcəyik. Üçüncü hazırlığın sonunda xüsusu texniki-taktiki və nəzarət məşqləri keçəcəyik”.
Qeyd edək ki, Paris Olimpiadası iyulun 26-dan avqustun 11-dək təşkil olunacaq.