İsveç millisinin Avro-2024-ün seçmə mərhələsində Bakıda Azərbaycana məğlubiyyəti (0:3) bu ölkədə narazlıqla qarşılanıb.
Apasport.az xəbər verir ki, "Expressen" nəşri dünya reytinqində 120-ci pillədə olan Azərbaycana məğlubiyyətin anlaşılmaz olduğunu yazıb.
Serb əsilli isveçli futbol mütəxəssisi Boyan Corcoviç isə bildirib: "Komandamızı bu qədər ləng və həvəssiz görmək tamamilə qəbuledilməzdir. Futbolçular bu oyunlarına görə utanmalıdırlar. Belə olmamalıdır".
Corcoviç qeyd edib ki, İsveç milli komandası ən pis günündə belə, Azərbaycana uduzmamalıdır: "İsveç millisinin nə vaxt belə bərbad oyun nümayiş etdirdiyini xatırlamıram".
Futbol təhlilçisi Ola Lidmark Erikssonun yazdığına görə, hazırda İsveç millisi bütün tarixi ərzində ən acınacaqlı beynəlxalq reytinqə malikdir: "Hazırda komanda FİFA reytinqində 46-cı pillədədir. Bunadək ən aşağı mövqe 1980-ci ildə olmuşdu. Həmin vaxt İsveç 42-ci yeri tuturdu".
Qeyd edək ki, İsveç millisi Avro-2024-də sonuncu matçını bu həftənin bazar günü evdə Estoniyaya qarşı keçirəcək.