“Kəpəz”in baş məşqçisi Adil Şükürov Apasport.az saytına müsahibə verib.
- “Kəpəz”in qış toplanışı necə gedir? Yəqin ki, fasilə zamanı siz də nələrisə götür-qoy etdiz, daha dərindən analiz etdiz. Sizi daha çox narahat edən məqam hansıdır?
- 3 gündür, məşqlərə başlamışıq. Futbolçular yaxşı əhval-ruhiyyədədirlər. Bu, bizi ümidləndirir. Onlar da anlayırlar ki, komandanın tarixi var və bu komanda həmişə yüksək yerlər uğrunda mübarizə aparıb. Bu gün komandada olanlar “Kəpəz”in adına layiq və daha sonra isə öz futbolçu statuslarına layiq futbol oynamalıdırlar. Oyunları və əlimizdə olan imkanları rəhbərliklə təhlil etdikdən sonra bəlli bir plan hazırladıq. Komandanın həm müdafiə aspektində, həm də hücum potensialında müəyyən addımlar atırıq ki, bunun nəticəsini çempionat oyunlarında hamı görsün. Bizi narahat edən məqamlar bir neçə dənədir. Ən önəmlisi isə komanda müdafiə olunarkən diqqətsizlikdən buraxdığımız qollardır.
- “Araz-Naxçıvan”la oyununuz olmalı idi. Onun təxirə düşməsinin səbəbi nədir?
- “Araz-Naxçıvan”la oyunun təxirə düşməsindəki əsas səbəb məkanın müəyyənləşdirilməməsi idi.
- Ölkə daxilində hazırlaşmağınız mövsümün ikinci yarısındakı çıxışınıza nə dərəcədə təsir edəcək?
- Bu il qış fasiləsi əvvəlki illərə nisbətən 13-14 gün daha az olduğu üçün harasa getmək vaxt itkisi olacaqdı. Ona görə də, 2 yoldaşlıq oyunu üçün Antalyaya getməkdənsə, hazırlığı Gəncədə keçirmək və oyunları Azərbaycanda oynamaq qərarına gəldik.
- Son dəfə Premyer Liqada "Zirə"nin baş məşqçisi kimi çalışmısınız. Həmin vaxtdan bu yana daxili çempionatda hansı dəyişiklikləri sezirsiz? Sizcə, liqa daha da çətinləşib?
- Daha çox nəzərəçarpan komandaların qeyri-stabil çıxışlarıdır. Komandalarda olan baş məşqçilərdir. O vaxt komandalar daha stabil oyun göstərirdilər və məşqçilərin bəlli bir oyun üslubları var idi. Bu il fikir verəndə, görünür, bəzi komandalar hələ də üslub müəyyənləşdirməklə məşğuldurlar.
- Yəqin ki, yeni transferlər də olacaq. Artıq Amil Yunanov gəlib. "Kəpəz"ə gəlmək istəyən futbolçular var, yoxsa, oyunçu tapmaq çox çətindir? Onları necə razı salırsız?
- Bəli, Amillə münasibətləri rəsmişləşdirdik. Diqqətimizdə olan daha bir futbolçu var. Onun barəsində rəhbərliklə məsləhətləşmələr aparırıq. Hələ “transfer pəncərəsi”nin bağlanmasına yetərincə vaxtımız var. Qışda edilən transfer dəqiq olmalıdır. Bizim kimi maliyyə dəstəyi digər klublara müqayisədə daha zəif olan komandanın transferində çox diqqətli olmağı vacibdir.
- Elnur Cəfərov və Vladislav Vasilyuçekin komandadan göndəriləcəyi xəbərləri yayılıb. Onlarla yollarınızı həqiqətən ayıracaqsız?
- Hər iki futbolçunun bizimlə müqaviləsi var. Amma biz hər iki oyunçuya daha çox şans qazana biləcək komanda tapdıqları təqdirdə, klub olaraq onların qarşısını kəsməyəcəyimizi bildirmişik.
- Sizcə, "Kəpəz"in Premyer Liqada sonuncu pilləni tutmamaq şansı nə qədərdir? Komanda yüksək liqanı tərk etməmək üçün mövsümün ikinci yarısında ilk yarısı ilə müqayisədə daha effektiv olmalıdır. Komandaya kim və nə kömək ola bilər?
- Bizim ilk və yeganə məqsədimiz komandanı Premyer Liqada saxlamaqdır. Bunu kluba gəldiyim ilk gündən rəhbərliklə və futbolçularla danışmışıq. Bunun üçün də hər kəs bütün gücünü və bacarığını səfərbər etməlidir. Amma klubun əlavə dəstəyə ehtiyacı var. “Kəpəz” çempionatımızda yeganə komandadır ki, maliyyə dəstəyi yoxdur. Baxmayaraq ki, Azərbaycanın ən böyük ikinci şəhərinin komandasıdır. “Kəpəz” Azərbaycanın köklü və tarixi olan 3 komandasından biridir. Bizim əsas məqsədimiz oyunlarda yaxşı nəticələr qazanaraq həm azarkeşlərimizi, həm də gəncəli iş adamlarını kluba dəstək olmağa təşviq etməkdir. Allah qoysa, bunu bacaracağıq. Amma gəncəli iş adamlarının da bu işdə özlərinəməxsus əməklərinin olmasını çox istərdik.
- "Turan Tovuz"la qərb derbisinin Tovuzda deyil, Qəbələdə keçirilməsini siz istəmisiz? Bunu nə ilə əlaqələndirirsiz? Sizcə, həqiqətənmi Azərbaycan çempionatında azarkeşlər hansısa oyunda həlledici rol oynayır?
- İstər “Turan-Tovuz”, istərsə də “Kəpəz” azərkeşləri həmişə komandalarının çıxışında 12-ci oyuçu kimi olublar. Bunun dəfələrlə şahidi olmuşam. Futbolçulara azarkeşlərin dəstəyi qədər motivasiya verə biləcək heç bir qüvvə yoxdur. Ona görə, “Kəpəz” azarkeşlərinin dəstəyi komandaya əlavə motivasiyadır. Ümumən, komanda azarkeşlərə görə futbol oynayır. Təbii ki, futbolda 3 nəticədən biri qaçılmazdır. Amma yaxşı və məzmunlu oyun olanda, komandanın bilici azarkeşləri həmişə klubu dəstəkləyirlər. Biz də o insanların hamısının komandanın uğurlarına sevinməsini görmək üçün bütün gücümüzü meydanda göstərməliyik. Qəbələdə oynamağımızın əsas səbəbi isə neytral meydança olmasıdır.