Adrian Mutu: "Nə baş verdiyini başa düşə bilmirəm"
11.11.2023 - 19:23
Adrian Mutu: "Nə baş verdiyini başa düşə bilmirəm"

"Neftçi" Azərbaycan Premyer Liqasının 13-cü turunda doğma meydanda "Sumqayıt"a 1:2 hesabı ilə məğlub olub. 

Apasport.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Adrian Mutu oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bizim üçün çətin oyun oldu. Matça istədiyimiz kimi başladıq. İkinci yarıda rəqib komanda qapımıza qollar vurdu. Sonluq da hamıya bəllidir.

- Matçdan öncə "Neftçi"nin qalib gələcəyini ehtimal edənlər çox idi. Qələbə üçün nə çatmadı? Nədən narazı qaldınız?

- Bilmirəm sizə nə deyim. Amma hər zaman istəyirik ki, qalib gələk, bir addım da irəli gedək. Bunu bacara bilmirik. Hələ də başa düşə bilmirəm ki, necə olur, bu komanda səfərdə qalib gəlir, evdə bunu təkrarlaya bilmir. Sizə başa sala bilmirəm ki, nə baş verir. Səfərdə 14 xal qazanmışıq, evdə qalib gələ bilmirik. Halbuki, həm ev, həm də səfərdə tələblərimiz eyni olur. Deyəsən evdə azarkeş amili rol oynayır. Deyim ki, təzyiq var, bu da yoxdur. Çalışacağıq ki, bunların öhdəsindən gələk. Səfər oyunlarında işləri istədiyimiz kimi alındıra bilirik. Xüsusən də, təcrübəli oyunçulardan, hücumdakı futbolçulardan daha artığını gözləyirəm. Oyunboyu duellərin hamısında uduzduq. Bəlkə də onun nəticəsində məğlub olduq.

- Adrian Mutunun "Neftçi" azarkeşlərinə hansı sözü, necə mesajı var? Onlar sizdən işıq, stimul gözləyir. Təxmini vaxt verə bilərsiz ki, işlər daha yaxşı olacaq? 

- Demişdim ki, yeni komanda qurulur. Yeni komandada enişli-yoxuşlu hallar olur, nəticələr də fərqli ola bilir. Hazırda başa düşə bilmirəm ki, nə baş verir. Ev və səfər oyunlarımız arasında böyük fərq var. Əksinə olmalıdır. Çünki evdə oynayırsan, doğma meydançandır, özünü daha çox qorunmuş hesab etməlisən. Məni bu amil narahat edir. Futbolçuları da həmçinin. Onlar başa düşməlidir ki, "Neftçi" kimi komandada oynayırlarsa, daha çoxunu verməlidirlər. Görünür ki, bu, kifayət etmir.

- Azər Əliyev və Samir Abasov arasında insident yaşandı. Sizə elə gəlmir ki, komandada oyun planından əvvəl intizam yaratmalısız?

- Oyunçularım Samir Abasov tərəfindən davamlı olaraq təhrik olunurdu. Bu, ucuz şoudur, şərh etmək istəmirəm. İlk dəfə deyil ki, təkrarlanır. Sumqayıtda da rəqibin baş məşqçisi belə edirdi. Baş məşqçidir, oyunçulara nümunə olmalıdır. Rəqibə qarşı təhrikdən istifadə etməməlidir. Futbol "feyr-pley"i sevir. Qalib də gəlmək olar, uduzmaq da. Əsas odur ki, bunu necə edirsən.

- Siz ulduz futbolçu olmusuz, "Neftçi" də sovet vaxtından bu yana tarix yazmış klubdur. Bunun hormoniyasından hələ ki, ortada bir şey yoxdur...

- Hamı bilir ki, mövsümə necə başlamışıq. Mənə vaxt lazım idi ki, liqanı tanıyım, çempionatla tanış olum. Məsuliyyəti tam olaraq öz üzərimə götürürəm. Hamının gözləntiləri çoxdur. İstəklərimiz də daha çoxdur. Edə biləcəyimiz yeganə məsələ işləməkdir. Bu vəziyyətdən dönüş yarada bilərik.

- Azarkeşlərinizin istefaya səsləməsi sizi ruhdan salmır ki?

- Onlar öz fikirlərini ifadə etməkdə sərbəstdirlər. Bu barədə bir söz deyə bilmərəm. Kimsə düşünür ki, ən böyük problem məndədir, onlar fikirlərini ifadə etməkdə sərbəstdir. Bütün məsuliyyəti üzərimə götürürəm.

writer photo
Əlirza Əlirzalı
0