Adrian Mutu: “O artıq geridə qalıb, biz irəliyə baxmalıyıq”
26.07.2023 - 22:15
Adrian Mutu: “O artıq geridə qalıb, biz irəliyə baxmalıyıq”

"Bizi çox vacib oyun gözləyir. Fikrimcə, çox yaxşı komandaya qarşı mübarizə aparacağıq".

Apasport.az saytı xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Adrian Mutu “Jelezniçar”la keçiriləcək oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

Avropa Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda Bosniya və Hersoqovinada meydana çıxacaq “ağ-qaralar”ın rumiyalı çalışdırıcısı rəqibin ötən mərhələdə keçirdiyi oyunları izlədiyini qeyd edib: "Rəqibin Minsk “Dinamo”su ilə son oyununa baxmışam, çox əzmkar komandadır. Bəzi futbolçuların fərdi ustalığını da qeyd edərdim. Əminliklə deyə bilərəm ki, bizim üçün çox ağır oyun olacaq. Bununla belə, buraya qələbə qazanmaq üçün gəlmişik”.

Adrian Mutu "Neftçi"nin heyətində yaxşı futbolçuların kifayət qədər olduğunu bildirib. O, komandadan kənarlaşdırılan Saldanya barədə danışmaq istəməyib: “Komandaya yeni gəlmişəm. Futbolçular bütün tapşırıqlarımı yerinə yetirməyə səylə çalışırlar. “Fenerbahçe” və “Spartak”la oyunlarda komandamı təhlil etmişəm. Heyətdə kifayət qədər yaxşı futbolçu var, amma yeni oyunçuların da gəlişini gözləyirik ki, komanda komplektləşsin. Komandamda çoxlu təcrübəli futbolçu var, belə atmosferdə oynamağa öyrəşiblər. Buna görə də “Jelezniçar”ın fanat ordusunun bizə çətinlik yarada biləcəyini düşünmürəm. Bosniya futbolu ilə bağlı məlumatlıyam. Mateus Saldanya haqqında danışmaq yersiz olardı, çünki o artıq geridə qalıb, biz isə irəliyə baxmalıyıq. Komandaya yeni hücumçu cəlb olunacaq, bununla bağlı danışıqlar gedir”.

Mətbuat konfransında iştirak edən "Neftçi"nin futbolçusu Eddi İsrafilov ilk görüşdə uğurlu nəticə qazanacaqlarına ümid etdiyini bildirib: “Düşünürəm ki, asan oyun olmayacaq. Buna baxmayaraq, Bakıya pozitiv nəticə ilə qayıdacağımıza inanıram”.

Qeyd edək ki, “Qrbaviça” stadionunda keçiriləcək “Jelezniçar” – “Neftçi” oyunu saat 23:00-da start götürəcək.

writer photo
Əlirza Əlirzalı
0