Amil Yunanov: “İstədiyimizi edə bilərik” - MÜSAHİBƏ
17.05.2023 - 15:54
Amil Yunanov: “İstədiyimizi edə bilərik” - MÜSAHİBƏ

"Şamaxı"nın futbolçusu Amil Yunanovun apasport.az saytına müsahibə 

- "Şamaxı" Premyer Liqanın hesabat turunda "Neftçi" ilə bərabərə qaldı. Görüş sizin üçün necə alındı? 
- Səfərdə oynayırdıq və bilirdik ki, "Neftçi" evdə çox yaxşı oynayır. Oyuna yaxşı hazırlaşmışdıq. Komanda olaraq, inanaraq meydana çıxmışdıq. Çətin oyun alındı. Qələbə də qazana bilərdik. Amma qismətimizdə bir xal var imiş. 

- "Neftçi" çempionatda heç də yaxşı durumda deyil. Sizdən öncə "Turan Tovuz"a 0:4 uduzmuşdular. Bu, sizdə inam yaradırdı ki, "Neftçi"yə qalib gələ bilərsiz? 
- Bəlkə də, bu, artıq üçüncü pillədəki yerin verdiyi rahatçılığıdır. Yəni, nə aşağı düşəcəklər, nə də yuxarı qalxacaqlar. Biz "Neftçi"yə səfərdə qalib gələ bilərdik. Amma son ötürmələrdə soyuqqanlılıq çatmadı. 

- Bu görüşdə qolu sən vurdun. Dubl etməyinə nə mane oldu? 
- Çempionatda heç bir müdafiəçiyə qarşı oynamaq asan deyil. Gərək şans da yanında olsun. Belə olanda, işlər daha yaxşı alınır. 

- "Şamaxı" hazırda sonuncu pillədədir. Artıq barışmısız ki, diviziona düşəcəksiz, yoxsa hələ də inanırsız ki, diviziona siz yox, başqa komanda düşəcək?
- Xeyr, niyə sonuncu yerdə olmağımızla barışaq ki? Hər şey öz əlinizdədir. Komanda şəklində toparlanıb qarşıdakı iki oyuna maksimum hazırlaşacağıq. Əminəm ki, istədiyimizi edə bilərik. 

- Qarşıdakı turda rəqibiniz "Qəbələ" olacaq. Necə düşünürsən onları evdə məğlub etmək mümkündür?
"Qəbələ"yə qarşı matç bu mövsüm evdə son oyunumuz olacaq. Çalışıb, qələbə qazanmalıyıq. Azarkeşlərimizi sevindirmək niyyətindəyik. 

- Son turda "Səbail" - "Şamaxı" görüşü keçiriləcək. Yəqin ki, hər şey bu oyunda həll olunacaq. Görüşü autsayderlərin “finalı” saymaq mümkündür? 
- Hər şey son oyuna qalsa, çox maraqlı və gərgin matç olacaq. Biz çox inanırıq ki, Premyer Liqada qala bilərik. Hər şeyi zaman göstərəcək.

- AFFA "Araz Naxçıvan" və "Zaqatala"ya lisenziya verdi. Ola bilər ki, Premyer Liqada 12 komanda olacaq və "Şamaxı" aşağı düşməyəcək? 
- Çempionatda komandalarımızın sayı nə qədər çox olsa, o qədər yaxşıdır. Futbolumuzda inkişaf da hiss edilər. Amma lisenziya verilib, sayının artmağını deməyiblər. Amma artsa, əladır.

writer photo
Əlirza Əlirzalı
0