Qış fasiləsində "Araz-Naxçıvan" futzal komandasının planları bəlli olub.
Apasport.az xəbər verir ki, komandanın baş məşqçisi Vitali Borisov bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlama verib.
41 yaşlı mütəxəssis bildirib ki, komanda yanvarın 12-də hazırlıqlara başlayacaq: “2-3 gün yüngül məşqlərlə kifayətlənəcəyik. Yanvarın 15-dən isə fiziki yükləmələr başlayacaq. Fiziki planda çalışmalarla paralel taktiki məşqlərə də yer ayıracağıq. Qış fasiləsinə qədər keçirdiyimiz oyunlar zamanı ortaya çıxan problemləri aradan qaldırmalıyıq".
Vitali Borisov heyətlə bağlı dəyişikliklərdən də danışıb: "Erik Dannilo, Xətai Bağırov və İsa Atayev komandadan ayrılıb. Onlara karyeralarında uğurlar arzulayırıq. Biz də bu boşluqları doldurmalıyıq. 3-4 futzalçı ilə danışıqlarımız olub, onların yolunu gözləyirik. “Stolb” mövqeyinə mütləq transfer edəcəyik. Digər transferlərimiz də hücumameyilli oyunçular olacaq. Çünki müdafiə xətti ilə bağlı çətinliyimiz yoxdur. Çalışırıq ki, transferlər komandanın toplanışına qədər yekunlaşsın”.