“Araz-Naxçıvan” Azərbaycan çempionatlarında 50-ci qolunu vurub.
Apasport.az xəbər verir ki, yubiley topuna Elvis Maşike imza atıb.
O, Misli Premyer Liqasının X turunda fərqlənib. “Qəbələ” ilə səfər görüşündə (4:1) komandasının 3-cü qolunu vuran Elvis klub tarixinə düşüb.
“Araz-Naxçıvan”ın 50-ci qolu yüksək liqadakı 52-ci matçda qeydə alınıb. Qəbələdə daha bir dəfə fərqlənməklə bu rəqəmi 51-ə çatdıran komandanın orta məhsuldarlığı 0,98-dir. Naxçıvanlılar evdə 26, səfərdə 25 qol vurub.
Muxtar Respublika təmsilçisinin ilk qolu 2000-ci il avqustun 20-də qeydə alınıb. Quba “Şahdağ”ının qonağı olan “Araz-Naxçıvan” İlham Allahyarovun rəqib qapısına yol tapdığı matçda 1:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, Qəbələdəki qələbə “Araz-Naxçıvan”ın yüksək liqada üç xal qazandığı 15-ci matç olub.