“Qarabağ”ın sabiq kapitanı Aslan Kərimovun apasport.az saytına müsahibəsi
- “Neftçi” “Qarabağ”la matçda 2:4 hesabı ilə məğlub oldu. Bu matçdan gözləntiniz necə idi?
- Əslində, “Qarabağ”ın qələbə qazanacağını gözləyirdim. Çünki oyundan qabaq da fikirləşirdim ki, hər iki komandanın hücum xətti güclüdür. "Qarabağ"ın müdafiəsində də kifayət qədər səhvlərin olduğunu görə bilərik. Demək olar ki, ikinci dövrədən sonra “Qarabağ"ın oyununda geriləmə var. Bu da hücum xətti yox, müdafiə xətti ilə bağlıdır. Hücumda nə qədər kəsərli olsalar da, rəqibin əks-hücumları zaman çox səhvlərə yol verirlər. Oyundan öncə bilinirdi ki, hər iki komandanın qol imkanları olacaq. Hansı komanda bunlardan yararlansaydı, qalib gələcəkdi. Düşünürdüm ki, "Qarabağ"ın hücum xətti "Neftçi"yə nisbətən daha güclüdür. Ağdam klubunun qalib gələcəyini ehtimal edirdim. Belə də oldu. Müdafiədə də kifayət qədər səhvlərə yol verdi, "Neftçi" də istifadə etdi. "Qarabağ"ın hücum xətti o qədər güclü idi ki, bakılıların iki qoluna dörd qolla cavab verdilər.
- Voyislav Stankoviçin meydanda azlıqda qalması “Qarabağ”a çox kömək oldu?
- Qırmızı vərəqə aldıqdan sonra "Neftçi"nin geridönüş etməsi çətin görünürdü. Amma azlıqda qalsalar da, "Qarabağ" iki qol buraxdı. Ağdam klubunun rəqibindən bu qədər üstündür, heyətində belə keyfiyyətli oyunçulara malik olsa da, azlıqda qalan rəqibindən iki qol buraxır. Bu, yəqin ki, məşqçilər korpusunu düşündürür. Çox asan şəkildə qollar buraxırdılar. Qırmızı vərəqənin alınması "Neftçi" üçün artıq məğlubiyyət idi. Voyislav Stankoviç qovulmasaydı, necə olardı? Çətin. Bəlkə 4:2 olmazdı, 2:1, 3:2 qeydə alınardı. "Qarabağ"ın hücum xətti "Neftçi"yə nisbətən daha güclüdür. Cinahlarda "Qarabağ" "Neftçi"ni əməlli-başlı üstələyə bildi. "Ağ-qaralar"ın cinahları da pis görünmürdü, hücumlar təşkil edirdi. Qırmızı qeydə alınmasaydı, "Neftçi"nin heç-heçə etmək şansı yaranardı. Lakin daha çox "Qarabağ"ın qələbəsini gözləyirdim.
- Bu mövsüm “Neftçi”nin “Qarabağ”a qarşı hansı oyununu xatırlayırsız ki, Azərbaycan derbisində inamlı mübarizə aparıblar?
- Düzü, yada salmaq çətindir. Amma dəqiq bu dəfəki oyun deyildi. Səhv etmirəmsə, bir oyunda heç-heçə oynadılar. İkinci dövrənin başlanğıcında "Neftçi" "Qarabağ"a qarşı yaxşı oyun göstərmişdi. Bütün oyunlar yadda qalmır.
- Laurentsiu Regekampf hər dörd matçda Qurban Qurbanov qarşısında aciz idi?
- Onun Qurban Qurbanov qarşısında aciz qaldığını demək düzgün olmazdı. Məşqçi olaraq, aciz deyildi. "Qarabağ"ın futbolçu keyfiyyəti "Neftçi"nin futbolçu keyfiyyətindən üstündür. Xüsusilə də, yerli oyunçular sarıdan. Sadəcə, Emin Mahmudovu çıxmaq olar. "Neftçi"nin cinahında yer alan Höccət Haqverdi inanılmaz dərəcədə mövqe səhvlərinə yol verirdi. Birinci qolda da oyundankənar vəziyyəti pozdu, Ramil Şeydayevin açılmasına reaksiya göstərə bilmədi, gecikdi. Bu cür cinah müdafiəçisi olmur. Düzdür, üstün tərəfi odur ki, başla yaxşı oynayır. Amma hücum baxımından götürsək, topu alan kimi yanındakı oyunçuya verir ki, özü bir şey etməsin. Azər Əliyev də həmçinin. Hücumameyilliliyi daha yaxşıdır, ancaq müdafiədə elə deyildi. Rəqibin bir aldadıcı hərəkətinə gedirdi. Yerli oyunçu keyfiyyəti məsələsində "Qarabağ"ın üstünlüyü var. Legionerlərə gəldikdə ,"Neftçi"də də yaxşı futbolçular var. Amma bir Abdullah Zubir hamısına bəs etdi. Marko Yankoviç, Julio Romao, Marko Veşoviç də "Neftçi"nin oyunçularından aşağı deyillər. Laurentsiu Regekampfın taktiki baxımdan Qurban Qurbanova uduzmasını demək düzgün olmazdı.
- “Qarabağ”ın qışda heyətinə cəlb etdiyi Yasin Benzia necə, performansı yaxşı idi?
- Yasin Benzia və Adama Diakabi komandaya cəlb edildi. Sual doğuran məqamlar var. Küllü miqdara alınan futbolçulardır. Amma zədə ucbatından öz performanslarını göstərə bilmədilər. Doğrudur, Yasin Stankoviçə qırmızı aldırdı. Amma bu, onun keyfiyyəti ilə bağlı olan bir şey deyil. Məncə, həmin qırmızı vərəqə də 50/50 idi. Çünki Stankoviç ayağını qoyanda sanki görmürdü. Bilmirəm, yalan deməyim. Bilərəkdən idisə, qırmızı vərəq idi. Hər halda, Stankoviçə qırmızı vərəqə aldıra bildi. "Qarabağ" bu transferdən gözləntiləri daha artıqdır. Lakin artığını verə bilməyiblər. "Gent"lə oyunda Benzia pis təsir bağışlamamışdı. Düzdür, penaltidən istifadə edə bilməmişdi. Amma çox təhlükəli oynamışdı. Qalan digər matçlarda çox aşağı səviyyədə oynayır. Ən azından "Qarabağ"ın heyətində belədir.
- Yəqin ki, bundan sonra “Qarabağ”a çempionluq mübarizəsində çatan olmayaq...
- Bu, birinci növbədə oyunçular, büdcə ilə bağlıdır. Yəqin ki, "Neftçi"nin büdcəsi "Qarabağ"ın büdcəsinə çatan deyil. Büdcən aşağıdırsa, istər-istəməz oyunçu keyfiyyəti aşağı olur. "Neftçi"nin büdcəsi nə qədərdir, bilmirəm. İstənilən klubumuzun büdcəsi "Qarabağ"ınkı qədər olsa, çempionatda ağdamlılar bu cür lider olası deyil. Məsələn, "Sabah" sübut edib ki, bir az təcrübə toplasalar, 1-2 yerli oyunçular "Qarabağ"dakı kimi olsa, onlara əməlli-başlı rəqib olacaqlar. Digər klublarımızın büdcələri 70 faiz "Qarabağ"a yaxınlaşası olsa, məncə, bu cür hegemonluq edəsi deyillər. "Qarabağ" ÇL-də oynamağa başladığı ilk turlardan sonra da bu mövsüm "Neftçi" və "Sabah"ın ona çatacağı çətin görünürdü. "Sabah" Qurban Qurbanovun komandasına şəxsi oyunlarda zaman-zaman bəlkə daha yaxşı oynamışdı. Hətta bir dəfə də qalib gəldi. Amma stabilliyi hələ ki, "Sabah" saxlaya bilmir. Bilmirəm, bu, baş məşqçinin çılğınlığındandır, ya nədir. Artıq 5-6-cı dəfədir ki, qırmızı vərəqə alır. Məşqçi əsəbidir deyə, komandasının uzunmüddətli performansa gətirməsinə maneçilik törədir. Bu qeyri-stabillik olduğu halda, "Qarabağ"a çatmaq şansı yoxdur. Ağdam klubu ÇL-də iştirak edəndə, çempionatda ikinci heyətilə oyunlara çıxanda belə, 1:0, 2:1-də olsa, öz xallarını toplayırdı. "Neftçi" və "Sabah" isə istənilən rəqiblə görüşdə xal itirirdi. Məsələn, "Sabah" "Şamaxı" ilə matçda belə hal yaşadı. Belə komandalara qarşı matçda xal itirirsənsə, çempionluq uğrunda mübarizə aparmaq mümkünsüzdür. Artıq birinci dövrənin ortalarından etibarən "Qarabağ"ın bu il də çempion olacağı şübhə doğurmurdu. Büdcələri ona imkan verir ki, istənilən legionerlərini yeniləyə bilsinlər. Bunun da üzərinə onların oyun üslublarını gələk. Uzun müddətdir ki, birlikdə oynayırlar, böyük təcrübəyə malikdirlər. Bunların hamısı digər komandalara "Qarabağ"a çatmaqdan ötrü çətinliyə gətirib çıxarır.