Avtomobil qəzasına düşən Ceyhun Haşımov əməliyyat olunacaq
11.12.2022 - 22:04
Avtomobil qəzasına düşən Ceyhun Haşımov əməliyyat olunacaq

"Dünən hakim-inspektor Ceyhun Haşımov və yan xətt hakimi Elmin Süleymanov qəzadan sonra Bakıdakı özəl hospitallardan birinə yerləşdirilib".

Bu barədə apasport.az-a PFL-in mətbuat xidmətinin rəhbəri Sənan Abdullayev deyib.

O bildirib ki, Ceyhun Haşımov əməliyyat olunacaq: "Bu məsələ ilk andan AFFA və PFL rəhbərliyinin nəzarətindədir. Ceyhun Haşımov və Elmin Süleymanova artıq baş çəkmişik. Haşımovun sol ayağında və çanaq sümüyündə sınıq var. O, sabah əməliyyat olunacaq. Elmin isə baş nahiyəsindən xəsarət alıb. MRT müayinəsindən sonra bəlli olub ki, həyati təhlükəsi yoxdur. Əməliyyat oluna da, əməliyyatsız müalicə də ala bilər. Bu sabah dəqiqləşəcək. Digər 3 nəfərin səhhəti isə normaldır, onlar sadəcə müalicə alacaqlar. Bütün bu xərclər federasiya tərəfindən qarşılanacaq". 

Qeyd edək ki, futbol üzrə Azərbaycan I Divizionunun XIV turu çərçivəsində keçirilmiş “Mingəçevir” – “Qaradağ Lökbatan” oyununa təyinat almış Bakı şəhər sakinləri, 1988-ci il təvəllüdlü Elmin Vilayət oğlu Süleymanov, 1984-cü il təvəllüdlü Babayev Rəsul Sərvan oğlu, 1974-cü il təvəllüdlü Haşımov Ceyhun Səfər oğlu, 1999-cu il təvəllüdlü Abdullayev Asif Abdulla oğlu və 1984-cü il təvəllüdlü Rəcəbov Rövşən Kərim oğlu oyundan qayıdarkən Yevlaxın Tanrıqulular kəndi yaxınlığında qəzaya düşüblər. "Hyundai" markalı avtomobildə olan adı çəkilən şəxslər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Onların maşını ilə toqquşan "Opel" markalı avtobilin sahibi, Mingəçevir şəhər sakini, 1971-ci il təvəllüdlü Əliyev Zabit Əli oğlu aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Səbuhi Musa

writer photo
Əlirza Əlirzalı
0