“İlk yoldaşlıq görüşümüz idi. Artıq 20 gün idi ki, məşqlərə başlamışıq”.
Apasport.az saytı xəbər ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.
O, “Kəpəz”lə yoxlama matçındakı 2:1 hesablı qələbədən sonra görüşü dəyərləndirib: “Sevindirici haldır ki, yoldaşlıq görüşü olmasına rəğmən futbolçular oyuna ciddi yanaşmışdılar. İlk dəqiqələrdən bu hiss olunurdu. Söhbət nəticədən getmir. Meydanda oyun intizamından və göstərdikləri futboldan gedir. Sevindirici amildir ki, futbolçular ilk yoldaşlıq görüşündən işə belə məsuliyyətli yanaşırlar. Çünki bizim bu çox vacibdir. Mövsümə uğurlu başlamaq çox önəmli olacaq. Futbolçuların çıxışından razı qaldım”.
- İstədiyiniz komandanın formalaşması üçün nə qədər vaxt tələb olunur?
- Hər mövsüm hansısa dəyişikliklər ola bilir. Kimlərsə gedir, kimlərsə gəlir. Hətta aparıcı oyunçular da bəzən komandanı tərk edir. İstədiyin transferləri edə bilmədiyin vaxtlar olur. Seleksiya uğursuz olur və bunu bir çox səbəbləri var. Məsələ vaxtla bağlı deyil. Bir neçə mövqe var ki, oralara transfer etmək istəyirik. Axtarışlarımız davam edir. Görək, necə olacaq.
- Hansı mövqelərdən söhbət gedir?
- Mərkəz yarımmüdafiəçisi, müdafiəçisinə ehtiyacımız var. Çünki heyətdə cəmi iki mərkəz müdafiəçisi var. Legioner qapıçı gətirməyi də planlaşdırırıq. Hücumameyilli oyunçu da dəvət edə bilərik. Ən azı 3-4 oyunçu transfer etməyi düşünürük. Amma planlarımızın necə alınacağını zaman göstərəcək.
- Legionerlərdən yalnız Ruan Renatonu transfer etmisiz. Digər legionerlərin gəlməsi, adaptasiya olması, uzun zaman almayacaq?
Tək biz yox, digər klublar bu problemi yaşayır. Bir çox komandalarda legioner transferi sıxıntısı olduğunu hamımız bilirik. Hamı ilk gündən tam birlikdə olmasını istəyər. Amma istədiyimiz vaxtda istədiyimiz oyunçuları komandaya cəlb edə bilmirik. Zaman tələb olunur.
- Adrian Mutunun "Neftçi" yə baş məşqçi təyin edilməsi çempionatımıza nə qədər maraq qatacaq?
- Zaman göstərəcək. "Neftçi" üçün uğurlu olsun. Fikirləşirəm ki, maraqlı olacaq.
- Avrokuboklardakı təmsilçilərimizlə bağlı fikirləriniz necədir?
- Hər birinə uğurlar arzulayıram.
- "Qarabağ" ın "Linkoln" u keçəcəyi şübhə doğurmur. Bu haqda nə düşünürsüz?
- Hər zaman hər oyunu fikirləşmişəm. İndi də cavab oyununu gözləmək lazımdır. Rəqibin təhlükəli əks-hücumları var. Ona görə də, komanda diqqətli olmalıdır. Həm də "Qarabağ" oyununu özü üçün doğma olan meydanda keçirməyəcək. Hazırda hamının bu görüşü düşünməsi daha məsləhətlidir. Uğur qazandıqdan sonra növbəti mərhələ haqda düşünmək olar. Digər komandalarımızın uğur qazanmasını arzulayıram və onlara Bütün komandalarımız ilk mərhələni keçməsinə inanırıq.
- Yoldaşlıq görüşlərində hansı rəqiblərlə qarşılaşacaqsınız?
- Rəqiblərlə danışıqlar gedir. Hələlik, hamısı bəlli deyil. İki rəqibin adı bilinir. Toplanışda çox komanda olur, oyunların həm rəqib, həm də bizim proqramımıza uyğun olmasını istəyirik. Bu mənada, toplanışdakı oyunları bizim kimi komandalar üçün öncədən planlaşdırmaq çox çətindir. Ola bilər ki, gələcəkdə elə səviyyəyə gələrik, hamı bizimlə oynamağa maraq göstərsin. Amma indiki məqamda, 1-2 ay əvvəldən rəqibləri tapmaqda çətinlik çəkirik. Yaxın günlərdə tam bilinməlidir.