Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 2 fevral – Gənclər Günü münasibətilə "Formula 1" Azərbaycan Qran Prisi biletləri üçün endirim kampaniyası təqdim edib.
Qurumdan apasport.az-a verilən məlumata görə, bu il daha çox yerli gəncin F1 həyəcanını yaxından yaşaması üçün keçirilən kampaniya çərçivəsində tribuna biletləri 50% endirimlə təklif olunur. Kampaniya yalnız tələbələr üçün nəzərdə tutulub və biletlər məhdud saydadır.
Bundan başqa, sözügedən kampaniya Azərbaycan vətəndaşlığına və ya rezident statusuna sahib tələbələrə şamil olunur və onlar tələbə kartını təqdim edərək bu endirimdən yararlana bilərlər.
Tələbələr endirimli biletləri yalnız şəhərimizin müəyyən satış məntəqələrindən hərəyə 1 ədəd olmaqla əldə edə bilərlər. Endirim kampaniyası 5 fevral tarixinədək davam edəcək.
"Formula 1" mövsümünün ən sürətli şəhər yarışlarından hesab olunan Bakı yarışı 28-30 aprel tarixlərində baş tutacaq və paytaxtımız ilk dəfə Sprint yarışına da ev sahibliyi edəcək.