Konfrans Liqasının Liqa mərhələsinin I turunda “Dinamo” (Minsk, Belarus) “Harts”a (Şotlandiya) 1:2 hesabı ilə məğlub olub.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan oyundan sonra britaniyalıların qələbə topunun müəllifi Yan Danda apasport.az saytına müsahibə verib:
- Qələbə münasibətilə təbrik edirəm. Öncə matçla bağlı fikirlərini bildirərdin…
- Çətin oyun alındı. Belə böyük turnirdə yaxşı rəqiblə qarşılaşmaq üçün çox uzaq yoldan gəlmişdik. Buna baxmayaraq, gözəl matç alındı. Görüşə 3 xal üçün çıxmışdıq. Meydanda baxımlı mübarizə getdi. “Dinamo” da güclü komandadır. Lakin istədiyimiz nəticəni əldə etdiyimiz üçün xoşbəxtəm.
- Komandaya qələbə gətirən qolun müəllifi oldun. Bu, necə hissdir?
- Qələbə topunu vurduğum üçün xoşbəxtəm. Əlimə gözəl fürsət düşdü və bunu dəyərləndirdim. Komanda yoldaşıma da təşəkkür edirəm ki, boşluqda olduğumu görüb topu mənə ötürdü. Fərqlənmək hər zaman gözəl hissdir.
- Mövsümə uğurlu start verdiz. Pley-off şanslarınızı necə dəyərləndirirsən?
- Məncə, bunun üçün yaxşı şansımız var. Hələ ki, keçirdiyimiz oyunlara fokuslanmalıyıq. Ev matçlarında qələbələr qazanıb xallar toplasaq, niyə də növbəti mərhələyə adlamayaq? Yaxşı komandamız, baş məşqçimiz var. Azarkeşlərimizin dəstəyi ilə daha yaxşı olacağıq.
- Azərbaycan haqda təəssüratların necədir? Ölkəmizi bəyəndin?
- Azərbaycanı çox bəyəndim. Düzdür, ilk dəfədi bura gəlirəm, lakin ölkəniz hər cəhətdən xoşuma gəldi. Burda olduğum üçün xoşbəxtəm. Xüsusilə də, Bakı möhtəşəm şəhərdir. Daha öncə ailəm və sevgilim dəfələrlə bura gəlmək istəyib. Telefonla danışarkən onlara Bakının necə gözəl olduğunu söylədim, daha da həyəcanlandılar. Şəhərdə gəzməyə müəyyən vaxtımız oldu. Onu deyə bilərəm ki, Bakıya mütləq yenidən gələcəm.
- Azərbaycan klublarını izləyirsən?
- Azərbaycan futbolu haqqında xəbərdaram. Yaxın dostum İsa Süleyman da burda, elə bu şəhərin komandasında çıxış edir. Onun bəzi matçlarını televiziyadan izləmişəm. Komandalar, stadionlar və atmosfer çox xoşuma gəlmişdi. Liqanızda xeyli sayda keyfiyyətli futbolçular da var. Lakin “Qarabağ” tamam ayrı səviyyədir. Hər mövsüm avrokubokların əsas mərhələsində çıxış edir. İndi də Avropa Liqasında olduqlarını bilirəm. Çox güclü və təcrübəli komandadır. Matçlarına baxarkən keyfiyyət və futbol səviyyəsi aşkar görünür.
İsmayıl Xeyrullayev