Azərbaycan milli komandasının müdafiəçisi Bəhlul Mustafazadə “FIFA series – Edition 2024” çərçivəsində Monqolustan yığması ilə keçiriləcək oyundan öncə mətbuat konfransında iştirak edib.
Apasport.az xəbər verir ki, Monqolustanla oyun barədə fikirlərini bildirən futbolçu daha sonra jurnalistlərin suallarını cavablandırıb:
"Bizi fərqli futbol mədəniyyətlərinə aid komandalarla oyun gözləyir. Yaxşı təcrübə olacaq. Qalib gəlməyə çalışacağıq".
- Yorğunluq var?
- Milli komandadakı ab-hava yüksək səviyyədədir. Hər şey qaydasında gedir. Bura millidir və bunu "Qarabağ" oyunçuları olaraq bilirik. Yorğunluğa baxmayaraq, millidə bütün oyunçular ikiqat məsuliyyətlə çalışırlar.
- "Bayer"lə görüşün son dəqiqqələrdə şanssızlıq yaşadıq. Şəxsi motivasiyan yerindədir?
- Hər şey qaydasındadır. "Bayer"ə qarşı iki gözəl oyun göstərdik. Azərbaycan xalqı da bu mübarizədən məmmun qaldı. Psixoloji baxımdan mənə qətiyyən təsir etmir. Bu, futboldur. 100 milyonluq Florian Virtz 5 metrdən qapıya düşmürsə, mənim də şansımı qaçırmağımda ciddi problem yoxdur.