Bəxtiyar Həsənalızadə: “Təkliflərim var idi, xaricə getmək variantını gözləyirdim” - MÜSAHİBƏ
01.08.2023 - 16:06
Bəxtiyar Həsənalızadə: “Təkliflərim var idi, xaricə getmək variantını gözləyirdim” - MÜSAHİBƏ

Azərbaycan milli komandasının müdafiəçisi, "Kəpəz"in futbolçusu Bəxtiyar Həsənalızadənin apasport.az saytına müsahibəsi

- "Sabah"dan ayrılığın çox da gözlənilən olmadı. Çünki ötən mövsüm bu komandanın əsas heyətində oynayırdın. Maraqlıdır, klubunu dəyişmək təklifi kimdən gəldi?
- "Sabah"dan ayrılmağımı mən özüm də gözləmirdim. Yəni, bu özüm üçün də gözlənilməz oldu. Sadəcə, müqaviləm başa çatdı. Yollarımız da beləcə ayrıldı. 

- Əslində, yeni komanda tapmağın bir az sanki zaman aldı. Nəyə görə, bu qədər uzandı?
- Təkliflərim var idi. Xaricə getmək variantını gözləyirdim. Belə bir şans vardı. Onu gözlədiyim üçün məsələ bu qədər uzandı. Amma əsas odur ki, sonda yeni komandamla müqavilə imzaladım.

- Niyə məhz "Kəpəz"ə üstünlük verdin? 
- "Kəpəz" köklü komandadır. Burada daha rahat olacağımı düşündüm. Mümkün qədər daha çox oynamaq istəyirəm. Ona görə seçimimi "Kəpəz"dən yana etdim.

- "Kəpəz"ə yeni mövsüm üçün autsayder gözü ilə baxılır, büdcəsi də az olduğu üçün belə ola bilər. Bu haqda sənin fikrin necədir? 
- İndidən nəsə demək heç düzgün deyil. Futbolda həmişə proqnozlar düz gəlmir. Komandaya qoşulmuşam. Hər halda heyətdə tanıdığım futbolçular var. Özümün də komandaya uyğunlaşmağında problem olmayacağını düşünürəm. Kollektiv olaraq sona qədər hər oyunda mübarizəmizi aparacağıq.

- "Sabah" iddialı klub idi, indi isə "Kəpəz"dəsən. Bu, Azərbaycan millisinə dəvət edilməyində maneçilik törətməyəcək? 
- Əlimdən gələni edəcəm. İddialı olsa da, olmasa da, milli futbolçular daha çox oynasalar, həm komandaya, həm də yığmaya xeyir verərlər. Özüm də, yenidən Azərbaycan millisinə dəvət edilmək üçün maksimumu edəcəm. İnanıram ki, bu, məndə alınacaq.

- Ölkə xaricinə yollanmağın bəs niyə baş tutmadı?
- Bəzi səbəblərə görə məsələ alınmadı. 

writer photo
Əlirza Əlirzalı
0