Azərbaycanlı futbolçu mütəxəssisi Bəxtiyar Musayevin apasport.az saytına müsahibəsi
- “Qarabağ” bu mövsüm də avrokuboklardakı çıxışını pley-off mərhələsində yekun vurdu. “Gent” səddinin keçilə bilməməsinin əsas səbəbini nədə görürsüz?
- İlk növbədə “Qarabağ”a təşəkkür edirəm ki, buralara qədər gəlib çıxdılar, bu həyəcanı bizə yaşatdılar. Bəli, bəxtsizliyə görə “Gent”ə penaltilər seriyasında uduzdular. Amma yenə də onlara təşəkkür düşür. Çünki Avropa klubları arasında Azərbaycanın, “Qarabağ”ın adı var idi. Layiqincə çıxış etdilər. Səbəblərə gəlincə, ən əsas səbəb Kadi Borges və Ovusu Kvabenanın anidən komandanı tərk etməsi, Bakıda “Gent”ə qarşı çox gözəl oynamış Marko Yankoviçin zədələnməsi, Kevin Medinanın vərəqə, Şahruddin Məhəmmədəliyevin zədə səbəbindən oynamamasıdır. Bunlar hamısı nəzərə çarpacaq amillərdir. Çünki adını çəkdiyim futbolçuların hamısı komandanın gücünə güc qatırdılar. Hamısı da əsas heyət üzvləri idi.
- Komandaya yeni transferlər də cəlb edildi...
- Düzdür, yeni transferlər həyata keçirildi. Sadəcə gecikmələr oldu. Bilirik ki, “Qarabağ” transfer işlərinə həssas yanaşır. Kimi gəldi, transfer xətrinə transfer etmirlər. Bilirik ki, transfer etmək klublarımız üçün də çox çətindir. Baxmayaraq ki, “Qarabağ” illərdir Avropada çıxış edir. Amma Azərbaycan komandaları üçün futbolçuları razı salıb, ölkəyə dəvət etmək çətindir. Hər halda, bəziləri qərar verəndə Premyer Liqanı nəzərdə tutur. Bunların hamısı təsirini göstərir. Yeni transferlər daha hazırlıqlı olsaydı, Qurban Qurbanovun komandası “Gent” üzərində daha inamlı çıxış edib, qalib gələrək növbəti mərhələyə çıxacaqdı. “Qarabağ” səfərdə oynasa da, “Gent”dən aciz görünmədi, qol epizodları ilə üstün də oynayırlar. Sadaladığım itkilərə rəğmən belə idi.
- Amma “Qarabağ” Bakıdakı oyununu Belçikada təkrar edə bilmədi. Sizcə, “Gent” Azərbaycan çempionunun çox yaxşı analiz etmişdi?
- Mənə elə gəlir ki, “Qarabağ” ildən-ilə daha uğurlu çıxış edir. Sadaladığım itkilərə baxmayaraq, yenə də inamlı çıxış etdilər. Fikrimcə, gələcək avrokubok oyunlarında bundan da yaxşı “Qarabağ” görəcəyik. Yeni oyunçuları var. Onların da komandaya uyğunlaşması üçün vaxt lazımdır. “Qarabağ”ın gələcəkdəki avrokubok matçlarına nikbin baxıram. Onlar daha yaxşı, daha inamlı çıxış edəcəklər.
- “Qarabağ”ın heyəti yenilənmişdi, problemlərin bundan qaynaqlandığını da düşünmək olar. Bəs sizcə, olmazdı ki, Kadi və ya Ovusu qışda avrokubok matçı ola-ola yox, yayda satılsın?
- Bildiyim qədərilə, Kadinin müqaviləsində belə bənd var idi ki, həmin məbləği verən klub, futbolçunu heyətinə qata bilər. Ovusu Kvabenə də Avropada oynamağı çox istəyirdi. Bu mənada, klub onun gedişinə mane ola bilmədi. “Qarabağ” hər iki futbolçunu saxlamaqda çox israrlı idi. Amma dediyim məsələlər onların komandada qalmasına maneçilik törətdi. Lakin bu da qarantı deyil ki, Kadi və Ovusu olsaydı, 100 faiz “Gent” səddi keçiləcəkdi. Bunu heç kim əminliklə deyə bilməz. Hər işdə bir xeyir var. Mənə elə gəlir ki, yeni gələnlər və bundan sonra ediləcək transferlər komandanın daha güclü olmasına təsir edəcək.
- Yenilərdən söz düşmüşkən, Adama Diakabi, Yassin Benzia və Redon Cica Bakıda oyuna yaxşı qoşulsalar da, Belçikadakı matçda heç nə edə bilmədilər. Bunu nə ilə əlaqələndirirsiniz?
- Həm Diakabi, həm də Benzia son dəfə 6 ay öncə rəsmi matç oynamışdılar. Onlar yeni-yeni “Qarabağ”ın heyətində meydana çıxmağa başlayıblar. Fiziki cəhətdən axsamaları olduğu Benziada qabarıq şəkildə görünür. Tam formada deyil. Oyun praktikasının azlığı da onların stabil oynamaqlarına mane oldu. Bakıda daha fəal, daha yaxşı oynamışdılar. Belçikada Bakıdakı oyununu davamını gətirə bilmədilər. Zəif deyildilər, normal çıxış etdilər. Sadəcə onlardan gözləntilər daha böyükdür. Bu da sadaladığım amillərlə bağlıdır, həm fiziki problemlər var, həm də oyun təcrübəsinin azlığı. Redon Cicaya gəlincə, “Qarabağ”a layiqli futbolçudur. Gələcək matçlarda bunu hamımız görəcəyik. “Qarabağ” onun üçün böyük klubudur. Özü də yaxşı futbolçudur. Burada təcrübə toplamaqla komandanın gücünə güc qatacaq. Buna heç bir şübhəm yoxdur. Sadəcə vaxt azlığı, komanda ilə birlikdə çox olmamaları futbolçuların stabil, yaxşı çıxışına maneçilik törətdi. Ancaq gələcək matçlarda onların gözəl oyunlarının şahid olacağıq.