Branimir Subaşiç: "Azərbaycan formasıyla oyuna çıxanda bütün ürəyimlə oynayırdım” - Müsahibə
21.11.2023 - 13:21
Branimir Subaşiç: "Azərbaycan formasıyla oyuna çıxanda bütün ürəyimlə oynayırdım” - Müsahibə

 Azərbaycan milli komandasının sabiq forvardı Branimir Subaşiç apasport.az saytına müsahibə verib. O, yığma komandamızın AVRO-2024-dəki çıxışını dəyərləndirib.

- Azərbaycan millisi qrup mərhələsinin son görüşündə Belçikaya 0:5 hesabı ilə məğlub oldu. Həmin məğlubiyyət sənin üçün gözlənilməz oldu?
- Belçikaya qarşı oynamaq həmişə çətindir. Xüsusilə də, indiki heyətinə qarşı. Təəssüf ki, nəticə belə alındı. Amma üzücü məqam odur ki, Belçikaya qarşı oyun olaraq heç nə görmədim. Canni De Byazi də, meydanda olanlar da heç nə etmədi. Sanki Belçikadan çox qorxdular. Mən heç nə anlamadım. Belçika millisi çox güclü olsa da, sanki bizim millimiz çox qorxmuşdu, yoxsa onlarla oynamaq olardı.

- Belə çıxır ki, 0:5 olacağını ehtimal etmirdin?
- Əlbəttə ki, oyundan əvvəl heç vaxt millinin uduzacağını gözləmirəm. Çünki özüm də Azərbaycan yığmasında oynamışam. Bu milli və ölkə mənim üçün çox dəyərlidir. Ola bilər ki, millidə sonradan oynamağa başladım, amma mən Azərbaycan millisinin heyətində meydana çıxanda inanın, bütün ürəyimlə oynayırdım. Çünki Azərbaycanı çox sevirdim. Anlayırdım ki, mən daha çoxunu verməliyəm. Belçika ilə oyuna qayıtsaq, heyf ki, bu cü rnəticə qeydə alındı. İsveç üzərindəki qələbədən sonra yığmanının daha yaxşı nəticə göstərəcəyini düşünürdüm. Amma millinin ifasında meydanda heç nə görmədim. İnciməsinlər, amma Belçika ilə görüşdə gördüklərim, sadəcə sıfır idi. Millimizdə oyun şəkli belə yox idi. 

- Bəs Eddi İsrafilovun ilk yarıda qırmızı vərəqə alaraq komandanı meydanda azlıqda qoyması məğlubiyyətə nə dərəcədə təsir etdi?
- Təbii ki, bunun da təsiri var. Belçikaya qarşı 11 nəfərlə oynamaq çətindir, qaldı ki, 10 nəfərlə oynayasan. Lakin ona qədər də heç nə görünmürdü. Sanki komanda qorxurdu. Səbəbini bilmirəm. Hər halda oynamaq olardı. Uduzmaq gözlənilən idi. Lakin bu cür məğlubiyyət...Söhbət nəticədən yox, mübarizəsizlikdən gedir. Nə bilim…

- AFFA Canni De Byazi ilə yollarını ayırmalıdır?
- Bunun cavabını AFFA daha yaxşı bilir. Amma italiyalı mütəxəssis uğurlu nəsə göstərə bilmədi. Özü də, Azərbaycan millisində az müddət çalışmadı. Bu vaxt ərzində heç nə edə bilmədi. Ortada heç nə yoxdu. Buna görə də, hər halda, AFFA lazımı addımları atacaq. Az qalıb, qərarı gözləyək.

- Canni De Byazi uğursuzluq bir yana, hələ azərbaycanlı jurnalistləri axmaq adlandırıb. Futbolu bilmədiyimizi deyib...
- Təbii ki, bu cür davranış qəbuledilməzdir. Futbol emosional oyundur, aqressivlik olur. Hamımız futbolu, uğuru, uğursuzluğu müzakirə edə bilərik. Lakin kimisə təhqir etmək qəbuledilməzdir, olmaz. Doğru deyil. Uğur qazandırsan belə, heç kimə yuxarıdan aşağı baxmamalısan. Qalmışdı ki, belə vəziyyətdə kimisə təhqir etmək. Təbii ki, doğru addım deyil. Uğursuzluq varsa, tənqid olmalıdır. 

- Qazaxıstan dünən Sloveniyaya qalib gəlsəydi, Avropa çempionatına vəsiqə qazanacaqdı, bizim milli isə Millətlər Liqasında pley-off oynayacaqdı. Amma bu baş vermədi...
- Bəli, bilirəm ki, belə şans var idi. Amma olmadı. Hər halda, Qazaxıstan özü Millətlər Liqasında pley-off oynayacaq. Heç nə olmaz. Allah qoysa, Azərbaycan özü-özünə bu şansı gələcəkdə yaradar. Azərbaycan millisində çox yaxşı futbolçular var. Amma hələ ki, alınmır. Gözləyək. Səbr edək. Nə olacağına baxaq.

- Azərbaycan millisi hansı məşqçiyə tapşırılmalıdır?
- Azərbaycanda da çox sayda məşqçi var, xaricdə də. Enerjili, gənc, uğura ac məşqçi gəlməlidir. Fərqi yoxdur, yerli ya xarici. Əsas odur ki, enerjili olsun, milliyə uyğun gəlsin. Əsas olan doğru məşqçi seçimidir. Məhz onunla Azərbaycan millisi nəsə edəcək.

writer photo
Əlirza Əlirzalı
0