Canni de Byazi: “Heç kim deyə bilməz ki, pis oynadıq”
09.06.2022 - 20:15
Canni de Byazi: “Heç kim deyə bilməz ki, pis oynadıq”

“İlk iki oyunu yaxşı analiz etmişik. Hər iki görüşdə rəqibdən üstün oynadıq, çox qol imkanları yaratdıq, keyfiyyətli oyun göstərdik”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan yığmasının baş məşqçisi Canni de Byazi Millətlər Liqasının III turunda Slovakiya ilə keçiriləcək oyunöncəsi mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis C liqasının III qrupu çərçivəsində “Dalğa Arena”da baş tutacaq qarşılaşma ilə bağlı düşüncələrini bölüşüb: “Qrupda hələ də qol vura bilməmişik. Baxmayaraq ki, kifayət qədər şanslarımız olub. Bu bizi məyus edir. Amma futbolda belə bir şey var ki, bu gün baş verməyən sabah mütləq reallaşır. Bilirik ki, bizi ağır rəqib gözləyir. Slovakiya qrupun favoritidir. Onların Qazaxıstana uduzması hamımız üçün sürpriz oldu. Biz də sabah qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

- Futbol ictimaiyyəti meydana buraxdığınız heyəti müzakirə edir, narazılıqlarını bildirir. Siz özünüz düşünmürsünüz ki, daha fərqli sistemlə uğurlu nəticə qazanmaq mümkündür?
- Bu sizin işinizdir. Ona görə də nəsə demək istəmirəm. Hər kəs öz işini görür. Çox dərinliyə getmək istəmirəm. Amma heç kim deyə bilməz ki, son iki oyunda pis çıxış etdik. Futbolda bu gün uduzursan, hamı səni pisləyir. Ancaq bir qələbə qazanan kimi təriflənirsən. Statistikaya baxırıq, indi burada iki qələbə haqda da danışa bilərdik. Futbolda hər şey baş verə bilər.

- Rəqibdəki baş məşqçi dəyişikliyi onların oyununa necə təsir edəcək?
- Rəqib qrupumuzun ən güclüsüdür. Çox oyunçuları böyük liqalarda – İtaliyada, İngiltərədə çıxış edir. Yüksək keyfiyyətə malikdirlər. Onları analiz etmişik, futbolçularımıza da bunları izah etmişik. Ola bilsin ki, Qazaxıstanla oyundakı nəticəyə görə baş məşqçiləri dəyişilib. Həmin görüşə baxmışıq, çoxlu qol imkanları oldu, dəyərləndirə bilmədilər. Qazaxıstan 11 nəfərlə vuruşdu, sona qədər mübarizə apardı. Biz də sabah bu cür oynamalı və oyunu 11 nəfərlə tamamlamalıyıq. Lazımsız cərimələr etməməliyik.

- Komanda sizin rəhbərliyiniz altında ilk dəfə “Dalğa Arena”da çıxış edəcək. Bu stadionla bağlı düşüncələriniz nələrdir?
- Sabah yaxşı oyun keçirməliyik. İlk iki matçla müqayisədə daha az qol imkanımız ola bilər. Amma onlardan maksimum yararlanmalıyıq. Stadion futbol oynamaq üçün ideal vəziyyətdədir. Ümid edirəm ki, sabah azarkeşlərin dəstəyi ilə yaxşı çıxış edəcəyik və qələbə qazancağıq. Baxmayaraq ki, bizi çətin oyun gözləyir.

- Dmitri Nazarov və Anatoli Nuriyevin millidə az oynaması nə ilə bağlıdır?
- Hər ikisi fiziki cəhətdən hazırdır. Nuriyev ölkəsindəki müharibəyə görə bir müddət futbolsuz qaldı. Nazarov da təcrübəli oyunçudur, lazım gələndə bizə köməyi dəyəcək.

writer photo
Əlirza Əlirzalı
0