Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında bu gün Azərbaycanın 3 idmançısı çıxış edəcək.
Apasport.az xəbər verir ki, parataekvondoçu İmaməddin Xəlilov (K-44, 70 kq) 1/4 finalda yarışacaq.
O, Kot d'İvuar və Kuba idmançılarının görüşünün qalibi ilə üz-üzə gələcək. 1/4 final döyüşü Bakı vaxtı ilə saat 14:35-də başlayacaq.
Təsnifat mərhələsindən mübarizəyə başlayacaq Kamran Zeynalov (P1 kateqoriyası) isə 10 metr məsafəyə atəşaçmada iştirak edəcək. Bu mərhələyə Bakı vaxtı ilə 13:15-də start veriləcək. Paraatıcılıq üzrə final görüşləri 16:00-da başlayacaq.
Paraatlet Oloxan Musayev F55 kateqoriyası üzrə nüvəitələmədə mübarizə aparacaq. Bu yarışa Bakı vaxtı ilə saat 21:05-də start veriləcək.
Qeyd edək ki, Azərbaycan parataekvondoçusu Sabir Zeynalov (K-44, 58 kq) ötən gün bürünc medal qazanıb. Paralimpiada sentyabrın 8-də başa çatacaq.