Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su transfer dönəmini fəal keçirir.
Apasport.az saytının Xorvatiya mətbuatına istinadən məlumatına görə, komanda yay fasiləsində artıq 3 oyunçunu heyətinə qatıb.
Müdafiəçi Boşko Şutalo, yarımmüdafiəçi Robert Lyubiçiç və hücumçu Yosip Drmiçi transfer edən Xorvatiya çempionundan ayrılması gözlənilən oyunçular da məlumdur. Qapıçı Dominik Livakoviç, yarımmüdafiəçi Luka İvanuşets, hücumçu Mislav Orşiçin sərfəli təklifə satılması gözlənilir.
Xüsusən də, Orşiçin gedişi Emreli üçün göydəndüşmə olar. Ancaq məşqçilər korpusu millimizin üzvünə əsas heyət üzvü gözündə baxmır. Əgər Orşiç gedərsə, Luka Menalo və gənc Antonio Marin bu boşluğu doldurmağa əsas namizədlər sayılır. Mahirin durumunun isə hələ də qeyri-müəyyən olaraq qaldığı vurğulanıb.
Qeyd edək ki, Mahir Emrelinin “Dinamo” ilə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.