“Əcnəbi məşqçiyə 3 dəfə artıq pul verməyin nə mənası var?!“ - MÜSAHİBƏ
16.06.2024 - 16:36
“Əcnəbi məşqçiyə 3 dəfə artıq pul verməyin nə mənası var?!“ - MÜSAHİBƏ

Azərbaycan millisinin sabiq forvardı Ruslan Qurbanov Apasport.az saytına müsahibə verib.

- Azərbaycan milli komandası Fernandu Santuşa tapşırıldı. Bundan xəbərdarsan? Bu təyinatı necə qarşıladın?

- Əlbəttə ki, xəbərdaram. Elə mətbuatdan oxudum ki, AFFA Fernandu Santuşla anlaşıb. O, yaşlı və təcrübəli mütəxəssisdir. Portuqaliya kimi çox güclü milli komandaya rəhbərlik edib. Onun Azərbaycan millisindəki işlərinin necə gedəcəyini yaxın vaxtlarda görəcəyik, onsuzda oyunlara az qalıb. Mən ona və Azərbaycan millisinə uğurlar arzulayıram. Ümid edək ki, hər şey millimiz üçün uğurlu olacaq, yaxşı nəticələr qazanacağıq. Əsas istədiyimiz məsələ də məhz budur.

- Əksər insanlar Qurban Qurbanovun təyinatını gözləyirdi. Amma belə olmadı. Ümumiyyətlə, heç ehtimal edirdin ki, Qurban Qurbanov milliyə baş məşqçi təyin ediləcək?

Əlbəttə ki, Qurban Qurbanov millinin baş məşqçi təyin edilsəydi, lap əla olardı. O, Azərbaycan çempionatını və həmçinin də, hər bir azərbaycanlı futbolçunu əla tanıyır. Ancaq nə etmək olar? AFFA belə qərar veribsə, Fernandu Santuşun nəyə qadir olduğunu yaşayarıq, görərik.

- Millidə oynayan futbolçuların əksəriyyəti “Qarabağ”ın futbolçuları olur. Amma klubdakı kimi uğurlu alınmır. Bunun səbəbi nədir? “Qarabağ”ın sistemi, legionerləri və baş məşqçi fərqidir?

Əcnəbi oyunçularla oynamaq həmişə daha asan olub. Xüsusən də “Qarabağ”da həmişə yüksək səviyyəli futbolçular olduğundan, bu komandanın seleksiya sistemi həmişə bu istiqamətdə yaxşı işləyirdi. Səbəb odur ki, “Qarabağ”da komanda işi var, çünki uşaqlar uzun müddətdir bir yerdədirlər və onların millidə vaxta ehtiyacı var. Amma 10-15 günə isə klubdakı kimi oyunun alınması mümkün olmur..

- Fernandu Santuş Portuqaliya millisi ilə Avropa çempionu olduqdan sonra karyerası heç də uğurlu getmir. Polşa millisi və “Beşiktaş”dakı işləri yaxşı alınmadı. Səncə, Santuş uğursuzluğu Azərbaycan millisində qıracaq?

Gəlin unutmayaq ki, onun Portuqaliya millisində işlədiyi vaxtda hansı futbolçuları var idi, Polşa və “Beşiktaş”da hansı futbolçuları. Tamam fərqli səviyyələrdir. Portuqaliya millisinin üzvlərinin hamısı top klublarda çıxış edir. Polşa millisində isə tək-tük futbolçu top klubda oynayır. Bunu söz xatirinə demirəm, amma mən Azərbaycan millisinin Polşadan zəif olduğunu düşünmürəm. İnanıram və ümid edirəm ki, Santuşun Azərbaycan millisindəki işləri yaxşı gedəcək. Fikrimcə, indi futbolun səviyyəsi əvvəlkindən də zəifləyib.

-Onun qarşısına qoyulan məqsədlərdən biri də Azərbaycanı AVRO-2028-ə çıxarmaqdır. Bunu real hesab edirsən? Ümumiyyətlə, hazırkı millidəki oyunçularla bunu etmək olar, yoxsa sadəcə möcüzədir?

AVRO-2028-ə yollanmağa gəlincə, hələ bu məqamı yaşamalıyıq. Yəni onunla uzunmüddətli müqavilə imzalayıblar, ilk 2-3 ildə o, ancaq futbolumuzu tanımağa başlayacaq. Mən bizim uşaqlara inanıram, onlar futbol oynamağı bacarırlar. Bunu Qazaxıstanla son oyunda göstərdilər. Baxmayaraq ki, çoxları oyun praktikası olmadan öz klublarında oynamır.

- Xarici baş məşqçi ilə işləməyin üstün və mənfi tərəfləri hansıdır? Sən də millidə xarici məşqçilərlə işləmisən...

- Düşünürəm ki, Santuş da əcnəbi olduğu üçün yaradılan şərait daha yaxşıdır və hər şey onun tələb etdiyi kimi edilir. Yerli məşqçilərin heç bir cəhətdən xaricilərdən aşağı olmadığını düşünürəm. Mən həmişə yerli məşqçinin olmasının tərəfdarıyam. Xüsusi fərq yoxdursa, əcnəbi məşqçiyə yerli məşqçidən 3 dəfə artıq pul verməyin nə mənası var? Öz məşqlərinə də inanmaq lazımdır. Millidə o postu tutacaq və işləyə biləcək məşqçilər də var. 

- Səncə, Azərbaycan millisinin tarixində ən yaxşı xarici məşqçi hansı olub?

- Robert Prosineçkinin adını qeyd edərdim. Onun rəhbərliyi altında millimizdə oynayan, dəvət edilən oyunçular da məncə, bunu təsdiq edərdi. O, həm yaxşı məşqçi idi, həm də yaxşı insan idi. Prosineçkinin rəhbərliyi altında millimiz 10 xal topladı, yaxşı oynadıq. Ona görə də hər zaman Prosineçki deyərdim.

writer photo
Əlirza Əlirzalı
0