Əfran İsmayılov: “Böyük futbolda oynadığım üçün mənə hörmət edirdilər” - MÜSAHİBƏ
18.09.2023 - 15:53
Əfran İsmayılov: “Böyük futbolda oynadığım üçün mənə hörmət edirdilər” - MÜSAHİBƏ

Azərbaycan millisinin sabiq, “Zəngəzur” minifutbol komandasının futbolçusu Əfran İsmayılovun apasport.az saytına müsahibəsi 

- “Zəngəzur” Bolqarıstanda keçirilən Avropa Kubokunda dördüncü pilləni tutdu. Bu nəticə sizi razı saldı, yoxsa daha yaxşı nəticə qazana bilərdiz? 
- Açığı, nəticə bizi tam razı salmadı. Amma nəzərə alsaq ki, ilk dəfədir avrokuboklarda iştirak edirik, pis saymaq olmaz. Bundan da yaxşı nəticə qazanmaq mümkün idi. Çox istəyirdik ki, bunu edək. Yarımfinalda uduzduğumuz rəqib çempion oldu. Halbuki, onları asanlıqla keçib, finala adlaya bilərdik. Öz səhvlərimizdən qollar buraxdıq. Bu da təcrübəsizlikdən irəli gəlir. Təcrübə də illərlə oynadıqda, uduzub səhvləri gördükdə əldə edilir. 

- Səncə, çempion olmağınıza tək təcrübəsizlik mane oldu?
- Bəli. Düzdür, bütün rəqiblərdən üstün oynayırdıq. Elə ona görə heyfslənirik ki, axı, birinci yeri tuta bilərdik. Amma olmadı. Hər halda, bunun hamısı bizim üçün dərsdir, təcrübədir. İnanıram ki, qarşıdakı illərdə çempionluq qazana bilərik.

- Əslində, demək olar ki, bütün rəqiblərdən üstün oynayırdız, hətta uduzduğunuz görüşlərdə də bu görünürdü. Yarımfinalda dörd komandadan üçü Rumıniyadan idi. Onlara qarşı oynamaq çox çətin idi? 
- Bəli, Rumıniyanın üç komandası yarımfinala çıxmışdı, çox təhlükəli rəqiblər idi. Burada bir məsələ var ki, onlar daim bu cür turnirlərdə oynayırlar. Gündə iki oyun oynamağa mən də öyrəşməmişəm. Məsələn, 1/4 final oynadıq, axşam dedilər səhər yarımfinaldır. Yorğunluq çox olur. Digər komandalar bu cür qrafikdə çox oynayıblar deyə, öyrəşiblər.

- Oyunlar zamanı rəqiblərin sənə xüsusi yanaşdığı görünürdü. Deyəsən, əvvəllər böyük futbol oynadığını, millidə çıxış etdiyini bilirdilər. Rəqiblərlə bu haqda hər hansı dialoq olurdu?
- AMF-dən Orxan Hüseynov bizimlə idi, oradakılara haqqımda məlumat verirdi. Burada olan hakim və oyunçular da əvvəllər böyük futbol oynadığımı bilirdilər, sağ olsunlar, mənə böyük hörmətlə yanaşırdılar. Yeri gəlmişkən, Orxana, federasiya və “Zəngəzur”un rəhbəri Şahin Məmmədova təşəkkürümü bildirirəm. İnanın ki, hamısının əziyyəti var. 

- Sənin özün üçün də yenilik idi, böyük futboldan sonra ilk dəfə fərqli idman növündə avrokuboklarda oynadın. Səni yenə minifutbolda bu cür turnirlərdə görəcəyik? 
- Mənim üçün yenilik olmasına baxmayaraq, böyük futboldan sonra əsas sevdiyim iş budur. Daim minifutbol oynayırdım, mənə maraqlı gəlirdi. Çalışacam ki, tez-tez oynayım. Düzdür, ilk növbədə məqsədim formada qalmaqdır. Nəticə də qazana biliriksə, lap yaxşı. Bu işə maddi qazanc gözü ilə baxmıram. 

- Yeni mövsüm minifutbol çempionatında “Zəngəzur”da oynayacaqsan? 
- Bəli, yeni mövsümdən etibarən minifutbol çempionatında oynayacam. Ancaq yəqin ki, öz komandamı yığacam. Çalışacam ki, millinin keçmiş oyunçularını komandama dəvət edim. Bakıya qayıdanda danışacağıq və məsələni konkretləşdirəcəyik. Çox güman ki, liqanın yeni mövsümündə biz də oynayacağıq. Sadəcə bu turnirdə “Zəngəzur” üçün əlimdən gələn köməkliyi göstərməyə çalışdım. Şahin bəyin böyük xidməti var, ondan köməyimi əsirgəyə bilməzdim.

- Yeri gəlmişkən, sən Bolqarıstanda olduğun vaxtda “Araz-Naxçıvan” Premyer Liqanın 6-cı turunda “Neftçi”yə qalib gəldi. Sənin üçün gözlənilməz oldu?
- Bəli, Azər Bağırovla, Zaur Axundovla danışdım, onları təbrik etdim. Həqiqətən çox sevincliyik. Köklü, böyük klubu udduq, bu böyük nəticədir. Bu, bir daha göstərir ki, Azər Bağırov, Zaur Axundov futbolu yaxşı bilir. Yaxşı, mehriban kollektivimiz var. Qısa müddət ərzində bu cür komanda yığıldı. Zaur müəllimə və Azər müəllimə təşəkkür edirəm ki, “Zəngəzur”la Bolqarıstana gəlməyimə mane olmadılar. Hətta dedilər ki, Azərbaycanın adı varsa, rahat şəkildə gedib, həmin komandaya kömək edə bilərsən. “Zəngəzur”un rəhbəri Şahin bəydir, sağ olsun, dəvət etdi və dedi ki, sənin bizə kömək etməyini istəyirəm. Yaxın dostluğumuz var. Təmənnasız hər cür kömək edə biləcəyimi dedim. Minifutbol mənim üçün yeni futboldur, çətindir, bir az başqa cür oynayırlar. Biz oynadığımız, düşündüyümüz kimi futbol deyil. Amma yavaş-yavaş öyrənirəm, forma və təcrübə yığdıqca daha yaxşı olacam, daha yaxşı nəticələr qazanmağa çalışacam. “Zəngəzur” ilk ilindəcə avrokuboklarda yaxşı oynadı. İnanıram ki, bundan da yaxşı nəticələr olacaq.
 

writer photo
Əlirza Əlirzalı
0