Azərbaycan milli komandasının və “Qarabağ”ın sabiq futbolçusu Əfran İsmayılov Apasport.az saytına müsahibə verib.
- "Qarabağ" "Zirə" ilə final matçında qalib gəlməyi bacardı. Oyunu necə şərh edərdin? Gözlədiyin kimi görüş alındı?
- “Qarabağ”ın “Zirə”yə qalib gəlməsi gözlənilən idi. Favorit “Qarabağ” idi. Amma “Zirə” çox yaxşı, gözəl mübarizə apardı. Finala layiq, maraqlı görüş oldu. Demişdim ki, kim güclüdürsə, o da qalib gələcək. “Qarabağ” güclü oldu, qalib gəldi.
- Necə düşünürsən, bu matçda həlledici məqam, həlledici detal hansı oldu ki, "Qarabağ" rəqibini məğlub etdi?
- Həlledici məqam odur ki, futbolçuların keyfiyyəti tamam fərqlidir. “Qarabağ” düşən fürsətlərdən maksimum istifadə edir, daha çox qol epizodu yaradır. Elə buna görə də, “Qarabağ” sonda layiqli qələbə qazandı.
- Demək olar ki, "Qarabağ" - "Zirə" oyununda daha çox futbolçuların keyfiyyət məsələsi önə çıxdı? İstək sarıdan sanki, "Zirə" daha istəkli görünürdü...
- Əlbəttə, keyfiyyətli məsələsi önəmlidir. Təcrübəli məsələsi də, həmçinin. Bu faktorların hamısı “Qarabağ”da cəmləşib, buna görə də onlar finalda qalib gələ bildi.
- İki il əvvəlki "Qarabağ" - "Zirə" finalı maraqlı idi, yoxsa dünənki final?
- Məncə, maraqlı heç nə yoxdur. “Zirə” hər iki finalda uduzmuşdu. Məncə, penaltilərə gedib, o cür stresslə uduzmaqdansa, elə 90 dəqiqə ərzində mübarizə aparıb, uduzmaq daha yaxşıdır. Yəni, qədərdə əgər uduzmaq varsa....
- Qurban Qurbanov matçdan sonra keçirilmiş mətbuat konfransında bildirdi ki, "Zirə"nin büdcəsini nəzərə alsaq, göstərdiyi nəticə və performansla bizə qalib gəldilər. Bu fikirlərlə razısız?
- “Qarabağ” digər komandalardan bir baş üstündür. “Zirə” “Sabah”, “Neftçi”, “Səbail” və digərləri içərisində demək olar ki, çempiondur. “Qarabağ” olmasaydı, Premyer Liqanın çempionu “Zirə”dir. Düzdür, “Zirə”də də keyfiyyətli oyunçular var. Hər halda, mən onları çempion kimi təqdim edərdim.
- Necə düşünürsən, yeni mövsümdən "Qarabağ"a əsas rəqib, başabaş mübarizə aparacaq koamnda qismində "Zirə"ni görmək olar? Düşünmək olar ki, yeni mövsüm bu komanda çempionluq mübarizəsində yer ala bilər?
- Başabaş olacağına inanmıram. Nəinki “Zirə”, heç bir komanda “Qarabağ”la başabaş mübarizə apara bilməyəcək. Bəlkə “Neftçi” komandanı yığsa, yaxşı baş məşqçi gətirsə, başabaş mübarizə apara bilər. “Sabah”da da bu, nisbətən görünür. Ancaq ümumilikdə heç kim “Qarabağ”la başabaş mübarizə apara bilməz. “Qarabağ” nəinki əsas, ikinci heyətilə də oynasa, hər bir komandadan bir baş güclüdür.
- Matçdan öncə Maksim Medvedev "Qarabağ"da karyerasını başa vurdu. Sən də onunla birlikdə "Qarabağ"da karyerana başlamışdın. Maksim haqda, onun karyerasını başa vurması barədə fikrin necədir? Onunla birlikdə "Qarabağ"ın əsas komandasına cəlb olunduğunuz vaxtları necə xatırlayırsan?
- Maksim Medvedev əfsanədir, korifeydir. Nə vaxtsa karyerası bitməli idi, o vaxt da dünən oldu. Maksimə uğurlar arzulayıram. Nə xeyirlidirsə, onun üçün olsun. Maksim yaxşı oğlandır, keyfiyyətli insandır. Futbolumuzda da əziyyəti çoxdur. Özünə nə arzulayırsa, hamısı reallaşsın.