Azərbaycan millisinin sabiq futbolçusu Əfran İsmayılovun taleyinə aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, 34 yaşlı yarımmüdafiəçi “Kəpəz”də qalacaq.
Gəncə təmsilçisinin baş məşqçisi Tərlan Əhmədovun onu komandadan göndərmək istəyi baş tutmayıb. Mütəxəssis münaqişə yaşadığı futbolçunun “Kəpəz”dən xaric olunması üçün rəhbərliyə müraciət edib. Amma Gəncə təmsilçisi Əfranı ən azı mövsümün sonunadək saxlamağa qərar verib.
Lakin İsmayılovun əvəzedici heyətə göndəriləcəyi gözlənilir. Əhmədov baş məşqçi olduğu müddətdə çətin ki, məşqlərdə və oyunlarda yarımmüdafiəçiyə güvənsin.
Qeyd edək ki, cari mövsüm əsas komandada 3 matçda 1 qol vuran Əfran “Kəpəz”də bu taleyi yaşayan ilk futbolçu deyil. Millimizin digər sabiq üzvü Rauf Əliyev “Kəpəz-2”də vurduğu 11 qolla I divizionun bombardirləri siyahısında ikinci pillədədir.