“Şamaxı”nın futbolçusu Elvin Məmmədovun apasport.az saytına müsahibəsi
- Son həftə meydana çıxmadın, amma komandan “Zirə” kimi güclü rəqiblə heç-heçə oynadı. Matçla bağlı düşüncələrin necədir?
- Bəli, zədəm olduğu üçün meydana çıxmadım. Bir həftəyə məşqlərə başlayacam. Lakin son turda oyuna çıxmayacam. “Zirə” matçına gəldikdə, bizim üçün bir xal qazanmaq yaxşı nəticədir. Hər halda, güclü rəqibdir və onlardan bir xal almaq da uğurludur.
- Komandanın məğlubiyyətsiz oyunlar seriyası 5-ə çatdı. İlk turlardan fərqli, son matçlarda uduzmamağınızın sirrini nədədir?
- Yeni yığılan və gənc komandayıq. İlk turlarda xal və ya xallar itirməyimiz normaldır. Komandamız oyundan-oyuna daha yaxşı oynayır. Bunu da hamı görür. Çünki kollektivimiz çox yaxşıdır, əziyyətimizin bəhrəsini görürük.
- “Şamaxı”nın qarşısına hansısa məqsəd qoyulmadığı bəllidir. Bunu oyunlar zamanı özünüz üçün üstünlük hesab edirsən?
- Hər gənc futbolçunun qarşısında inkişaf etmək məqsədi var. Onlar da həmin məqsədə doğru günü-gündən irəliləyərək gedirlər. İnkişaf yaxşı gedir, bunu qeydə alınan nəticələrdə görmək mümkündür.
- Komandaya legioner cəlb olunmayacağı bəllidir. Necə düşünürsən, qışda heyəti genişləndirməyiniz, yoxsa əcnəbilərin gəlməsi daha vacibdir?
- Rəhbərliyimizin verdiyi qərar var. Əlbəttə ki, bizim də güclənməyə ehtiyacımız var. Amma necə olacağını rəhbərlik və məşqçilər korpusu daha yaxşı bilir.
- Bu mövsüm son pillədə qərarlaşan komanda liqanı tərk edəcək. Bu mənada işinizin daha çətin olduğunu düşünürsən?
- Komanda olaraq bunun fərqindəyik. Ona görə var gücümüzlə çalışırıq ki, bizim üçün bu cür nəticələr olmasın. Biz hər oyunda əzmkarlığımızı ortaya qoysaq, həmin təhlükə bizim üçün qalmayacaq.
- Karyeranız ərzində bir çox komandanın formasını geyinmisiz. "Şamaxı"da oynamaq sizin üçün çətin gəlir, yoxsa karyeranız ərzində daha pisləri olub?
- Əslində, “Şamaxı”da ilk vaxtlar çətin keçirdi. İndi vəziyyət daha yaxşıdır. Şərait baxımından pis komandalarda oynamışam, amma ad çəkməyəcəm, doğru olmaz. “Şamaxı”ya gəldikdə, hazırda burada olan şərait heç çoxunda yoxdur. Hər şeydən razıyam.
- Uzun illərdir ki, Azərbaycan Premyer Liqasında oynayırsan. Bu mövsümü əvvəlkilərdən nə ilə fərqlənir?
- Komandaların sayının artması inkişafı gətirəcək. Bunun üçün vaxt lazımdır. Yerli futbolçular yavaş-yavaş inkişaf edəcək. Məncə, komandaların sayı artmalıdır. O zaman yerli futbolçular da daha çox olacaq. Bunların hamısı bir-birindən asılı olan məsələlərdir.
- Sabiq komandanız "Qarabağ" yenə hegemonluq edir. Necə düşünürsən, onların hegemonluğu bu mövsüm də davam edəcək? "Sabah" və ya "Neftçi" onları büdrədə bilərmi?
- Bu mövsüm də “Qarabağ” çempion olacaq. Onlara rəqib kimi “Sabah”ı görürəm. Lakin istənilən halda, “Qarabağ” qızıl medallara yiyələnəcək.