Elvin Yunuszadə: "İmişli"nin məqsədlərinə çatmasına kömək olacam" - Müsahibə
01.04.2024 - 13:14
Elvin Yunuszadə: "İmişli"nin  məqsədlərinə çatmasına kömək olacam" - Müsahibə

“Qarabağ” və Azərbaycan milli komandasının sabiq üzvü Elvin Yunuszadə apasport.az saytına müsahibə verib. Bir neçə gün əvvəl Kosovonanın yüksək liqası təmsilçisi “Fuşe Kosovo”ya keçidi baş tutmayan, ancaq sonradan “İmişli”yə keçən müdafiəçi bir çox məsələlər haqda danışıb.

- Necə alındı ki, legioner həyatı yaşamağa yaxın olduğun vaxtda, "İmişli"yə keçdin? Başqa təkliflərin var idi, yoxsa yeganə təklif elə "İmişli"dən gəlmişdi?
- Yox, başqa bir-iki təkliflər də var idi. Amma klub rəhbərliyi, Əsgər Abdullayevlə danışdıq. Sonda qərara gəldim ki, "İmişli"yə keçməyim özüm üçün də doğru olar. Mən də qərarımı bu klubdan yana verdim. Klubun da məqsədlərinə çatmasına kömək olacam. Komandanın gələcək üçün planları yaxşıdır, böyükdür. Onları reallaşdırmaq olar.

- Kosovonun yüksək liqa klubu olan "Fuşe Kosovo"ya keçidinin alınmaması sırf sənəd məsələsi idi?
- Bəli, Kosovoya gedişim sırf vizaya görə alınmadı. Yoxsa, legioner həyatı yaşaya bilərdim. Sadəcə, İstanbulda Kosovo səfirliyində mənə dedilər ki, vizanı 3 aya verə bilərik. Mən də bildirdim ki, ona qədər çempionat başa çatacaq. Buna görə də alınmadı. Halbuki, klub mənə müqaviləni faks formasında göndərmişdi. Ancaq vizaya görə müqaviləyə qol çəkməmişdim. Yaxşı ki, elə qol çəkməmişdim. Çünki viza gəlmədi. Sonda Azərbaycana qayıtdım. Bir neçə müddət İstanbulda qaldım, amma geri qayıtmalı oldum.

- Səncə, niyə uzun illər "Neftçi" və "Qarabağ" kimi komandalarda oynasan da, indi Premyer Liqada yoxsan?
- Həyatdır da, belə də olur, elə də. Əsas odur ki, yenidən yuxarı qalxmaq üçün insan özündə güc tapmalıdır. Axıra qədər mübarizə aparmalıdır. Hər vəziyyətdə mübarizəyə davam etməliyik. Bugünkü gündə mən də ona görə "İmişli"yə gəlmişəm ki, əsas odur futbolsuz qalmayım, formamı bərpa edim. Elə "İmişli" ilə birlikdə Premyer Liqaya vəsiqə qazanım.

- Yenidən Premyer Liqada oynamaq şansın necədir? “İmişli” ilə bunu reallaşdıra bilərsən?
- Əlbəttə. Niyə də yox? Premyer Liqada illərlə oynamışam. 31 yaşım var və  elə yaşdır ki, hələ uzun müddət oynaya bilərəm. Özümdə də şükür Allaha güc hiss edirəm. Kollektivə də qoşulmuşam, məşqlərimi edirəm. Günü-gündən hər şey yaxşı olur, yaxşı formaya düşürəm. Hər şeyin daha yaxşı olacağına inanıram. 

- Sabiq komandan “Qarabağ” yenə çempion oldu. Özü də, sona 8 tur qalmış. Bu, liqanın zəif olmasını göstərir, yoxsa “Qarabağ”ın gücünü?
- Bugünkü gündə "Qarabağ"ın güclü olmasına heç kəsin şübhəsi yoxdur. Məsələ orasındadır ki, martda çempion bəlli olursa, deməli, "Qarabağ"a rəqib yoxdur. Ona görə, digər klublarla "Qarabağ" arasında rəqabət nə qədər çox olarsa, o qədər liqamızda komandalar inkişaf edər. Daha çox futbolçu yetişdirilər, Avropada oyunlara daha hazırlıqlı olarıq.

- Müsahibələrinin birində demisən ki, Qurban Qurbanova qulaq assaydım, indi də “Qarabağ”daydım. Səncə, onun dediklərini etsəydin, ən azından Bədavi Hüseynov və Maksim Medvedev kimi uzun illər “Qarabağ”da oynayardın?
- Düzdür. Əlbəttə ki, Qurban Qurbanova hörmətim böyükdür. Onu hamımız çox istəyirik. Mən onu deyəndə, Qurban Qurbanova hörmətsizlik mənasında nəzərdə tutub deməmişdim. Ona hər zaman qulaq asırıq. Sadəcə, mən əvvəllər yatıb qalırdım. Məsələn, millidə bu baş vermişdi. Onda məni kluba göndərmişdi. Məşqə dəfələrlə gecikmişdim. İstəri-istəməz onların hamısı mənə təsir etdi. Qurban müəllimə qulaq asanlar, bugünkü gündə yaxşıdılarsa, gələcəkdə daha da yaxşı olacaqlar.

writer photo
Əlirza Əlirzalı
0