“Fehervar”ın futbolçusu: “Azərbaycanda da qalib gəlmək istəyirik” - MÜSAHİBƏ
27.07.2022 - 14:17
“Fehervar”ın futbolçusu: “Azərbaycanda da qalib gəlmək istəyirik” - MÜSAHİBƏ

“Fehervar”ın yarımmüdafiəçisi Pal Dardai Macarıstan mətbuatına müsahibəsində Konfrans Liqasının II təsnifat mərhələsində “Qəbələ” ilə sabah keçiriləcək cavab oyunu barədə fikirlərini bölüşüb.

Apasport.az saytının məlumatına görə, 23 yaşlı macarıstanlı futbolçu doğma arenalarında 4:1 hesabı ilə qalib gəldikləri ilk qarşılaşmanı da dəyərləndirib.

- “Qəbələ” ilə ilk oyunun əvvəllərində hesabda geri düşəndə narahat olmadınız?
– Xeyr. Qalib gələcəyimizə əmin idim. Sadəcə sakitləşməyimiz lazım idi. Matçın əvvəlində tələsik, bəlkə də, bir az əsəbi idik. Nə qədər qəribə səslənsə də, buraxdığımız qol bizim üçün yaxşı oldu. Ondan sonra öz bildiyimiz kimi futbol oynamağa başladıq.

- Görüşün əvvəllərində fərqlənmək şansınız da oldu...
- Bəli. Həmin şansı əldən verməym hələ də məni incidir. Mövsümü qolla açmaq yaxşı olardı.

- Ancaq iki gözəl assist bunu müəyyən qədər kompensasiya etdi...
- Buna çox sevindim. Assistləri daha çox sevirəm. Çünki onlarsız qol nadir hallarda vurulur. Birincini künc zərbəsindən verdim, amma ikinci assist kifayət qədər gözəl alındı. Kenan Kodro isə ötürməni yüksək səviyyədə tamamladı. O, əla futbolçu və əsl komanda oyunçusudur. Assist edəndə həmişə təşəkkür edir. Onunla oynamaq əyləncəlidir.

- Atanız da matçı “Mol Arena Sosto”dan izləyirdi. Oyundan sonra sizi təriflədi?
- Təriflədi, amma əlavə etdi ki, o qolu vursaydım, gecə mükəmməl olardı. Atam haqlı idi.

- 4:1 hesablı qələbə növbəti mərhələyə vəsiqənin həlli deməkdir?
- Növbəti mərhələdə də oynamaq şansımız var. “Qəbələ”ni üç top fərqi ilə məğlub etməklə mövsümə istədiyimiz kimi başladıq. Amma cavab oyununda da qaldığımız yerdən davam etmək, Azərbaycanda da qalib gəlmək istəyirik.

- Yəqin ki, bundan sonra mərhələ adlamamaq böyük məyusluq olar?
– Razıyam. Unutmayın ki, futbolda hər şey ola bilər. Yaxın keçmişdə “Liverpul” Barselonada 0:3 hesabı ilə uduzduğu “Barselona”nı cavab görüşündə 4:0 məğlub etdi. Həmçinin “Barsa”nın PSJ-yə 0:4 hesablı yenilgisindən sonra hər kəs onların mübarizəni dayandırdığını düşünürdü. Kataloniyalılar revanşda 6 qol vurdular. Ona görə də, yalnız rəqibi mübarizədən kənarlaşdırdıqdan sonra bunu bayram edəcəyəm. Azərbaycanda hər şey planlarımıza uyğun getməlidir. Bacardığımız futbolu oynasaq, hədəfimizə çatarıq.

– Növbəti mərhələdə “Petrokub Hinçeşti”, yoxsa “Laçi” ilə qarşılaşmaq maraqlı olar?
- Mənim üçün fərqi yoxdur. Düşünürəm ki, bu maneəni də dəf etmək üçün kifayət qədər yaxşıyıq. Çətin, eyni zamanda yaxşı hazırlıq keçmişik, Təlim-məşq toplanışının son oyununda “Qalatasaray”ı məğlub etdik. Adi yoxlama görüşü olsa da, Türkiyənin böyük klubuna qalib gəlmək ruhumuza yaxşı gəldi. Baş məşqçinin meydanda nə görmək istədiyini bilirik. Ötən mövsüm komandanın sistemi anlaması bir qədər vaxt apardı. Amma indi hər şey əladır. Təsadüfi deyil ki, ötən mövsümün son doqquz oyununu da daxil etsəm, 10 matçdır uduzmuruq.

writer photo
Əlirza Əlirzalı
0