Fərid Qayıbov: "Olimpiadanın Azərbaycanda keçirilməsi..."
02.10.2022 - 15:38
Fərid Qayıbov: "Olimpiadanın Azərbaycanda keçirilməsi..."

“Azərbaycanda növbəti beynəlxalq yarışdır. Bu da çox sevindirir”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov deyib.

Naxçıvanda təşkil olunan 16 yaşadək idmançıların Şahmat Olimpiadasının açılışından sonra jurnalistlərə açıqlama verən nazir yarış haqda fikirlərini bildirib: “Yarışların sayı çoxdur. Şahmat federasiyamıza, Naxçıvan Şahmat Federasiyasına, Naxçıvan şəhər rəhbərliyinə minnətdarlıq etmək istəyirəm. Belə bir tədbir keçiririk. Böyük bir hadisədir. Belə bir Olimpiadanın Azərbaycanda keçirilməsi ondan irəli gəlir ki, bu idman növündə tariximiz var. Təbii ki, nəticələrimiz də var. Qadınların Avropa çempionatında qızlarımız iki medal gətirdilər. Bütün bu nəticələr dövlətin dəstəyi olmadan ola bilməz. Cənab prezident idmanı diqqəti altında saxlayır, idmançılarımıza dəstək olur. Bu tədbir də dövlətin dəstəyi ilə keçirilir. Biz çox sevinirik. İstərdik ki, belə tədbirlərin sayı çoxalsın və buna inanıram. Həm Naxçıvanın, həm də Azərbaycanın digər şəhərlərinin beynəlxalq tədbirlərin keçirilməsi ənənəsi var. İnanıram ki, bu, Naxçıvanda keçirilən son beynəlxalq yarış deyil. Biz yerli federasiya ilə danışmışıq ki, şahmat üzrə beynəlxalq tədbirlər keçiləcək. Burada şahmat məktəbi var. Məktəblərdə bu idman növü inkişaf edir. Mən Naxçıvan Muxtar Respublikasının rəhbərliyinə, federasiya rəhbərliyinə idmanı belə gözəl təbliğ etdikləri üçün təşəkkür edirəm”.

Qayıbov FİDE prezidenti Arkadi Dvorkoviçin Azərbaycanı şahmat ölkələrindən biri saymasına da münasibət bildirib: “Təbii ki, elədir. Bir çox növlərdə müxtəlif beynəlxalq turnirlər keçirilir. Azərbaycan gələn il bir neçə dünya çempionatına ev sahibliyi edəcək. “Formula-1” kimi ənənəvi yarışları demirəm. Dedikləri həqiqətdir, bunu bütün dünya görür. Biz yarışları çox yaxşı, yüksək səviyyədə keçiririk. İdmançılarımızın da yaxşı nəticələri var”.

writer photo
Əlirza Əlirzalı
0