“Neftçi”nin müdafiəçisi İsmayıl Zülfüqarlının apasport.az saytına müsahibəsi
- "Neftçi" Premyer Liqanın hesabat turunda "Qəbələ" ilə görüşdə 0:0 hesablı bərabərə qaldı. Matçı özünüz üçün necə dəyərləndirirsən? Səncə, qalib gələ bilərdiniz?
- Düşünürəm ki, bərabərsəviyyəli oyun getdi, qol epizodlarımız da oldu. Ancaq onları dəyərləndirə bilmədik və Bakıya bir xalla geri qayıtdıq. Özümə gəldikdə, çalışdım ki, komandama güc qatım, kömək edim. Düşünürəm ki, yaxşı və pis oynasan da, özündən razı qalmalı deyilsən. Daha artığını etməyi fikirləşməlisən. Ümumilikdə isə necə oynadığımızı sizlər kənardan daha yaxşı görürsünüz.
- Matça daxil olduqdan sonra sağ cinahda canlanma var idi, asmalar etdin. Baş məşqçinin tapşırığını yerinə yetirə bildiyini düşünürsən?
- Əlimdən gələni etdim ki, komandama qələbə qazandırım. Lakin bu, alınmadı. Oyuna daxil olarkən məşqçimiz nə dedi, onları etməyə çalışdım. Düşünürəm ki, bəziləri alındı, bəziləri yox.
- Qəbələdəki görüşdə bir xal qazandınız, yoxsa iki xal itirdiniz?
- Bu matç bizim üçün vacib idi. İki oyunda qələbə qazanmışdıq. Bütün qarşılaşmalarda olduğu kimi, Qəbələdəki görüşdə də qələbə qazanmaq istəyindəydik. Düşünürəm ki, biz iki xal itirdik.
- "Neftçi" hazırda 45 xalla üçüncü pillədədir. Yəqin ki, üçüncü pillə və bu xal sizi razı salmır...
- Bəli, mən çox müsahibəmdə bunu demişəm. Heç bir zaman ikinci və üçüncü yer "Neftçi" üçün uğur və ya yaxşı mövqe olmayıb. Məncə, heç vaxt da olmayacaq.
- Necə düşünürsən, ən azından "Sabah"a çatmağınız mümkündürmü? İkinciliyə yenidən qalxmağı yəqin ki, istəyirsiz...
- Hələ ki, çempionat davam edir. Qarşıda oyunlarımız var, əlimizdən gələni edəcəyik ki, oynadığımız matçlardan maksimum xal qazanaq və ön pillələrdə bitirək.
- "Neftçi"nin ölkə kubokunu qazanaraq mövsümdəki uğursuzluğa son verməsi üçün yaxşı şansa sahib olduğu düşünülür. Səncə, kuboku qazanaraq çempionatdakı uğursuzluğu unutdurmağınız mümkün olacaq?
- Bəli, kubokda çempionluq üçün şanslarımız var. Bu oyunlarda yaxşı çıxış edib, kuboku qazanmaq istəyirik. Düşünürəm ki, çempionluq asan başa gələn bir şey deyil. Çempion olsaq, bu ili bizim üçün uğurlu hesab edə bilərik. Əlimizdən gələni edib bunun üçün çalışacağıq. Ümidvaram ki, alınacaq.