Junior Martins: "Zirə"nin qrup mərhələsinə düşmək şansı var" - Müsahibə
31.07.2024 - 17:05
Junior Martins: "Zirə"nin qrup mərhələsinə düşmək şansı var" - Müsahibə

“Zirə”nin braziliyalı legioneri Junior Martins apasport.az saytına müsahibə verib.

- "Zirə" "DAK 1904" komandası ilə görüşdə əla performans nümayiş etdirdi və qələbə qazandı. Bu oyundakı performansınızı necə dəyərləndirirsən? 

- Əla oyun oldu. Nəticədən də razıyıq. Lakin anlayırıq ki, növbəti mərhələyə vəsiqəni təmin etmək üçün daha bir vacib 90 dəqiqəmiz var. Bu matça daha çox diqqət yetirməliyik. Həmin oyun barədə düşünürük.

- "Şerif"lə matçdan sonra psixoloji cəhətdən bu oyuna hazırlaşmaq çox çətin idi? 

- “Şerif”ə məğlubiyyət hamımız üçün çox ağrılı idi, amma başa düşürdük ki, şikayət etməyə vaxtımız yoxdur. Futbol davam edir və bizi oyunlar gözləyir. Qarşıda iki vacib oyunumuzun olduğunu bilirdik. 

- İlk matçda "DAK 1904" komandasını 4:0 məğlub etdiniz. Səncə, bu qələbədən sonra "Zirə" artıq növbəti mərhələyə vəsiqə qazandı? Cavab qarşılaşmasında Slovakiya klubu sizi məğlub edə bilər, yoxsa bu oyunda da qalibiyyət üçün oynayacaqsınız?

- Hələ heç nə qazanılmayıb. Dediyim kimi, qarşıda daha 90 dəqiqə var. Çətin olacağı da dəqiqdir. Növbəti matça daha çox hazırlaşmalıyıq. Komanda olaraq əlimizdən gələni edəcəyik.

- "DAK 1904" komandasına qol vurdun. Həmin qolu necə şərh edərdin? Artıq "Zirə"yə adaptasiya olmusan, qarşıdakı matçlarda da səndən qol gözləmək olar?

- “Zirə” forması geyinərək ilk qolu vurduğum üçün sevinirəm. Komandanın ilk oyundakı möhtəşəm qələbəsinə daha da sevinirəm. Artıq yeni komandama uyğunlaşıram. Özümü yaxşı hiss edirəm. Növbəti oyunlarda bu kluba daha çox sevinc gətirmək üçün hər gün çalışıram. İnanıram ki, hər şey yaxşı alınacaq.

- "Zirə"nin Konfrans Liqasında qruplara vəsiqə qazanması mümkündür? Səncə, "Zirə"nin bunun üçün gücü var?

- Bəli, əlbəttə ki, mümkündür. “Zirə” böyük klubdur və qrup mərhələsinə düşmək şansı var. Biz buna nail ola bilərik. Amma biz indi “DAK 1904” komandası ilə cavab oyununu düşünürük, addım-addım irəliləyirik. Lakin təbii ki, məqsədimiz var və onun uğrunda mübarizə aparırıq.

writer photo
Əlirza Əlirzalı
0