“Zirə”nin yeni transferi, braziliyalı legioner Junior Martins apasport.az saytına müsahibə verib.
- "Zirə"yə transferin necə reallaşdı? Təklif çoxdan gəlmişdi?
- “Zirə” Azərbaycanda böyük klublardan biridir. Mənə bu klubdan təklif gələndə şad oldum. Karyeram üçün ən yaxşı seçimi etdim. Ümidvaram ki, hər şey yaxşı alınacaq.
- Yeni komandadan məqsədlərin nədən ibarətdir?
- Mən bura kluba ən yaxşı şəkildə kömək etmək üçün gəlmişəm. “Zirə”nin istədiyi nəticələrə çatması üçün də əlimdən gələni edəcəm ki, birlikdə xəyal etdiyimiz məqsədlərə nail ola bilək. İnanıram ki, hər şey yaxşı alınacaq.
- "Kəpəz"dəki karyerandan razı qaldın? Hər şey istədiyin kimi alındı?
- Əlbəttə. “Kəpəz”də mənə çox gözəl münasibət göstərirdilər. Buna görə də onlara təşəkkür edirəm. Hekayəmi orada yazdım. “Kəpəz” həmişə yaddaşımda qalacaq, xatırlayacam o klubu.
- Maraqlıdır, "Kəpəz"dən ayrıldıqdan sonra sənə "Zirə"dən savayı başqa hansı klubdan təklif gəldi?
- Elədir ki, var. Mənə Azərbaycandan kənarda olan klublardan təkliflər gəldi. Amma menecerimə bildirmişdim ki, Azərbaycanda qalmaq istəyirəm. Ona görə də, gələcək təklif razı salarsa, məhz burada qalacam. Şükür Allaha belə də oldu. “Zirə”dən təklif gəldi, danışdıq, sonda da razılaşdıq.
- "Zirə" Avropa Liqasının təsnifat mərhələlərində iştirak edəcək. Səncə, qrup mərhələlərinə qədər irəliləmək mümkündür, yoxsa real deyil?
- Boluya gələndən hər gün işləyirik ki, Avropa Liqasında mümkün olan hər şeyi edək. Əlbəttə ki, qrupa düşmək istəyərdik. “Zirə”nin əla kollektivi var. Hər şeyi edəcəyik ki, reallaşdıraq.
- Rəqibləriniz arasında "Şerif", "Maribor", "Tobol", "Visla", "Pafos" və "Pakşi" klubları var. Səncə, hansı uyğundur sizə?
- Biz hər oyunda sona qədər mübarizə aparacağıq. Mən buna görə də "Zirə"ni seçmişəm. "Zirə"nin titul qazanmağa gücü çatacağına inanıram. Hansı komandanın düşəcəyini bilmirəm. Amma biz hansısa seçim etmirik. Hansı düşəcəksə, onlarla da oynayacağıq. Biz sadəcə məşqimizi edirik və rəqibimizi gözləyirik.