"Kəpəz"in futbolçusu Əli Səmədov apasport.az saytına müsahibə verib.
- Premyer Liqanın 23-cü turunda "Sabah"a məğlub oldunuz. Sizcə, səbəb nə idi?
-Qarşılaşmaya ciddi hazırlaşmışdıq. "Sabah"ın son 3 görüşdə sərgilədiyi oyun üslubunu da yaxşı incələmişdik. Matça pis qoşulmadıq. Sürətli hücumlarla rəqibin müdafiəsini yarıb, qapısını təzyiq altında saxladıq. Bunun nəticəsində qol da vurduq. Sadəcə müdafiədə boşluqlar verdik və rəqib bundan maksimum istifadə edərək ardıcıl qollar vurdu. Amma pis oyun sərgilədiyimizi düşünmürəm. Meydanda sona qədər döyüşdük.
-Son 2 turda arcıdıl məğlubiyyət və qapınızda 7 qol gördüz. Bu, "Kəpəz" üçün həyəcan təbilidir?
-Təbii ki, son 2 oyundakı nəticələrimiz ürək açan deyil. Məşqçilər korpusumuz bu barədə bizimlə söhbətlər aparır. Biz də nəticə çıxarmalıyıq. Qarşıda bizi "Qəbələ" ilə ağır səfər matçı gözləyir. Çempionatın 2-ci yarısında "qırmızı-qaralar"la 2 prinsipial qarşıdurmamız var. Bu raundlardan 6 xal götürməyi planlaşdırırıq.
-Daha çox ehtiyatdan oyuna qoşulursan. Formada deyilsən, yoxsa başqa səbəb var?
-Normal formadayam. Məşqlərdə də maksimum üzərimdə çalışıram. Sadəcə mənim mövqeyimdə güclü rəqabət var. Kim daha hazırlıqlıdısa, baş məşqçimizdə ona şans verir və bu təbiidir.
-Sonuncu pilləni tutacaq komanda elitanı tərk edəcək. Bu hal sən və komanda yoldaşların arasında psixoloji təzyiqə səbəb olmur?
-Xeyr, sonuncu olacağıq deyə bizə qarşı hər hansı təzyiq yoxdu. Nəinki sonuncu olmaq, heç 9-cu yerdə qərarlaşmaq belə istəmirik. Qarşımıza hazırkı mövqeyimizi qorumaq yox, maksimum irəli getmək hədəf qoyulub. Buna nail olmaq üçün bütün gücümüzü səfərbər edəcəyik.