Krakov-2023: Yığmamız 13-cü oldu - YENİLƏNİB
28.06.2023 - 17:37
Krakov-2023: Yığmamız 13-cü oldu - YENİLƏNİB

Krakov-2023 III Avropa Oyunlarında qılıncoymatma yarışları davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün Avropa çempionatı statusu daşıyan komandalararası turnirlərə start verilib.

Kişi sablyaçıların mübarizəsinə Azərbaycan millisi də qoşulub. Yığmamız 1/8 finalda Macarıstanla qarşılaşıb.

Saleh Məmmədov, Murad Əkbərov və Maqsud Hüseynlinin yer aldığı komandamız 25:45 hesabı ilə uduzub. 

Bununla da yığmamız medallar uğrunda mübarizəni dayandırıb. Sablyaçılarımız 9-16-cı yerlər üçün yarışıb. Təmsilçilərimizin rəqibi Türkiyə olub.

Bu dəfə “üçlük”də Saleh və Muradla birlikdə Ayxan Xasıyev yer alıb. Komandamız 31:45 hesabı ilə uduzub. İdmançılarımız 13-16-cı yerlər üçün mübarizə aparacaq. 

Murad, Saleh və Maqsudun yer aldığı “üçlük” Yunanıstanla qarşılaşıb. Millimiz bu dəfə qələbə qazanıb – 45:43. Komandamız 13-cü yer uğrunda matça vəsiqə əldə edib.

Qılıncoynadanlarımız son dueldə İrlandiya ilə üz-üzə gəlib. 45:30 hesablı qələbə qazanan komandamız yarışı 13-cü yerdə bitirib.

Qeyd edək ki, bu gün keçirilən qadınların rapirada komanda yarışında Azərbaycan təmsil olunmayıb.
 

writer photo
Əlirza Əlirzalı
0