Kristian Avram: "Araz-Naxçıvan" rəqibdən asılı olmayaraq həmişə qələbəyə köklənir" - Müsahibə
25.01.2024 - 23:08
Kristian Avram: "Araz-Naxçıvan" rəqibdən asılı olmayaraq həmişə qələbəyə köklənir" - Müsahibə

“Araz-Naxçıvan"ın moldovalı legioneri Kristian Avram apasport.az saytına müsahibə verib. O, komandasının "Qarabağ"la matçdakı məğlubiyyətini şərh edib.

- "Qarabağ"la görüşdə komandanız 1:3 hesabı ilə məğlub oldu. Səncə, məğlubiyyətin əsas səbəb nə idi?
- Qış fasiləsindən sonra ilk rəsmi oyunumuza çıxdıq. O qədər də yaxşı alınmadı. Erkən qol buraxdıq. Bu da "Qarabağ"ın əsas üstünlüyü oldu. Yəqin ki, hardasa komanda olaraq yaxşı işləmədik. Bəzi epizodlara görə oyun bizim üçün daha əsəbi alındı. Amma əlimizdən gələni etdik. Təəssüf ki, uduzduq.

- "Qarabağ"la görüşdə ən azından bir xal qazanmağınıza kim və ya nə mane oldu? Bu iki komanda arasında səviyyə fərq çox böyük idi?
-Hər halda, bizdən başqa meydanda daha bir komanda da var idi (gülür). Ola bilər ki, məhz buna görə bizim üçün o qədər də asan alınmadı. Rəqibin gücünə baxmayaraq, biz sona qədər mübarizə aparmağa çalışdıq. Səviyyə fərqinin olub-olmaması barədə bir söz deyə bilmərəm. Əminəm ki, komandamız bütün gücünü, maksimumunu meydanda qoydu. Bunu yaxşı oyun göstərmək və yaxşı nəticə üçün etmişdik. 

- "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov da bildirdi ki, 15 günə yaranmış komanda ilə "Qarabağ"ın başabaş oynaması mümkünsüzdür. Bu haqda sənin fikrin necədir?
- Baş məşqçi hər şeyi hər zaman daha yaxşı bilir, epizodları da daha yaxşı başa düşür. Amma deyə bilərəm ki, məşqçilər korpusumuz oyunun əvvəlində daha yaxşı kondisyaya sahib olmaq üçün hər şeyi etmişdi. Görünən odur ki, "Araz-Naxçıvan" hələ artıracaq və hər şey daha yaxşı olacaq. Biz daim işləyirik.

- Müdafiəçiniz Neman Kurdiç "Qarabağ"la matçda da avtoqolla yadda qaldı. Bu isə onun ikinci avtoqolu idi. Bu cür müdafiə xətti ilə inamlı oynamaq çətin deyil?
- Biz hər birimiz meydana uğur qazanmaq üçün çıxmışdıq. Maksimum da gücümüzü qoyduq. Amma bu futboldur da, bəzən belə hallar da baş verir. Heç kim belə olmasını istəməz. Qarşıdakı matçlara fokuslanırıq.

- Bu mövsüm "Qarabağ"ı Tofiq Bəhramov stadionunda məğlub etmişdiniz. Həmin oyunla sonuncu məğlubiyyət arasında hansı fərq var idi?
- Doğrudur, bu mövsüm "Qarabağ"a 2:1 qalib gəlmişdik. Lakin həmin oyun artıq tarix oldu, üstündən zaman keçib. Sonuncu məğlubiyyət də artıq geridə qaldı, bizi qarşıda başqa oyunlar gözləyir. Onlara hazırlaşacağıq.

- Premyer Liqanın 20-ci turu çərçivəsində "Sumqayıt"la qarşılaşacaqsız. Bu komanda hazırda liqada 3-cü pillədə qərarlaşıb. Rəqibi evdə məğlub edə biləcəksiz?
- Azərbaycan Premyer Liqasında asan oyun yoxdur, hər matç çətindir. Biz yaxşı təşkilatlanmış rəqibə qarşı oynayacağıq. Məşqçilər korpusu bizə rəqib barədə lazımı informasiyaları verəcək. Biz də oyuna hazırlaşacağıq. "Araz-Naxçıvan" rəqibdən asılı olmayaraq həmişə qələbəyə köklənir.

writer photo
Əlirza Əlirzalı
0