“Həyatda daim maraqlı anlarım olub. Bu, məktəb illərində də yaşanıb”.
Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Məşqçilərimizi tanıyaq” layihəsi çərçivəsində idman ictimaiyyəti ilə görüşündə deyib.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında tələbələrin suallarını cavablandıran 50 yaşlı mütəxəssis Konfrans Liqasının pley-off mərhələsində “Marsel”lə oyundakı feyr-pley hərəkətinə toxunub: “Mənim həyata gəlməyim də sanki möcüzə olub. Evdə sonuncuyam. Bəzən düşünürəm ki, evdə 5 övlad var idi, 6-cı olmaya da bilərdi. Həmişə öz-özümə sual verirdim ki, görəsən dünyaya niyə gəlmişəm? “Marsel”lə oyunda yaşanan epizod da sanki yalnız mənim başıma gələ bilərdi. Narahat idim ki, görəsən qərarım düzgündür, yoxsa yanlış. Bizdə bir deyim var: O dünyaya gedib gəldim. Mən də qolun ləğvi ilə bağlı qərarı verəndə bu hissləri yaşadım. Qolu vuran İbrahima Vadji də həssas insandır. Qol zamanı sevinməyindən hiss elədim ki, şübhəlidir. Sanki qalmışdı qapının içində, tam sevinə bilmirdi. Sonra rəqibin futbolçuları və məşqçiləri də qarışıqlıq yaratdılar. Çox narahat oldum. Hakim də qolu saydı. Epizoddan əvvəl Vadjini çağırdım ki, görüm qolu əllə vurub, ya yox. Həmin anda mənə baxmadı. Rəqibin oyunçusu Qenduzi mənə yaxınlaşıb etirazını bildirdi. Ürəyimə gələn o oldu ki, əllə vurubsa, qol sayılmayacaq. Amma yenə də narahat idim ki, qol sayılmasa, tribunalardakı 25 min azarkeş nə deyəcək, məni söyəcəkmi? Həmin anda “Bazel”lə matçda sayılmayan qolumuz yadıma düşdü. Vadjidən üç dəfə soruşdum. Dedi ki, əllə oynamışam. Buna görə də Maksim Medvedevə dedim ki, hakimə bunu bildirsin. Ondan sonra gözlədim görüm azarkeşlərin reaksiyası nə oldu. Oyun bitəndən sonra, epizodu gözümlə görənə qədər narahat idim. Epizodu görəndən sonra çox rahat oldum”.