"Qarabağ"ın qolkiperi Andrey Lunyovun agenti Anton Smirnovun apasport.az saytına müsahibəsi
- Andrey Lunyovun “Qarabağ”dakı çıxışını necə dəyərləndirirsiz? “Qarabağ”a qədər “Bayer”də iki ildə cəmi iki rəsmi matç keçirmişdi. Bu səviyyədə olacağını ehtimal edirdiz?
- Mən və hamı onun səviyyəsini hər zaman yaxşı bilirdi. Sadəcə onu zədələr bezdirirdi. Dayandığı yerdə zədələr almışdı. “Bayer”ə keçəndə isə heç kəs demədi ki, ikinci olacaq. Onda heç Lukaş Hradeçki kapitan deyildi. Lunyov hər halda, “Bayer”də böyük təcrübə topladı. Ayaqla oyunda da artırdı. Çünki orada məşq səviyyəsi yüksəkdir. Artırdı. Əlbəttə, istəyirdik ki, həm “Qarabağ”a kömək etsin, həm də öz karyerasını əvvəlki səviyyəyə qaytarsın. Hələ ki, göz dəyməsin.
- Andrey Lunyovun “Qarabağ”a keçəcəyi barədə ilk xəbərlər yayılanda, bunun olmadığını demişdiz, amma bir müddət sonra qapıçı indiki komandasına qoşuldu. Həmin vaxt nə baş vermişdi? Rəsmi bir şey yox idi, yoxsa istəmirdiz bilinsin?
- Onda belə bir şey var idi ki, “Bayer” iki illik müqavilə ərzində Andreyi buraxmaq istəmirdi. Hətta birinci ildən sonra icarəyə yollanması üçün müraciət edəndə də, bildirdilər ki, yox ona inanırıq. Qışda, müqavilənin bitməsinə yarım il qalmış da onu buraxmadılar. Ancaq sonradan zədə aldı və dedilər ki, bərpa olunsan, səni buraxacağıq. “Qarabağ”la bağlı xəbərlər çıxanda, bilirdim ki, Andrey zədəlidir və keçə bilməz. Yəni, bu, “Qarabağ”ın təklifinə baxmırıq, “Qarabağ”a hörmətsizlik kimi bir şey deyildi. Sadəcə bu fiziki olaraq mümkün deyildi.
- “Qarabağ” Lunyov üçün karyerasında geridönüş etmək üçün yaxşıdır, yoxsa ehtimal var ki, bəlkə də karyerasının sonuna qədər bu klubda oynasın?
- Lunyov birmənalı olaraq “Qarabağ”da xoşbəxtdir. Onunla hər gün danışırıq. Bugünkü gündə bütün fikirləri sırf futbolla bağlıdır ki, ilk növbədə “Qarabağ”a qrupdan çıxmaq üçün kömək etsin. Növbəti dəfə ölkə çempionu olmasında da həmçinin. “Qarabağ”a kömək edəcək, özünə də kömək etmiş olacaq. Çünki hamısı bir-birinə bağlıdır. Gələcəkdə necə olacaq, bu haqda danışmağın mənası yoxdur. Çünki indi bütün fikirlər sırf “Qarabağ”la bağlıdır.
- “Bayer”də olanda, Lunyova “Qarabağ”dan savayı, Azərbaycanın başqa klubundan təklif olmuşdu?
- Azərbaycan klublarından yox idi. Amma Rusiyadan var idi. “Rostov”, “Baltika”, “Rubin”dən təklif oldu. Amma biz Rusiya klublarına keçmək istəmədik.
- Niyə məhz “Qarabağ”? Avrokuboklara görə, yoxsa oyun stilinə görə?
- Çox məsləhətləşdik, çox düşündük. Azərbaycan çempionatının səviyyəsi o qədər yüksək deyildi, amma bilirdik ki, son iki ildə yüksəlişdədir. Bunu da yaxşı bilirdik. Hər halda, ilk növbədə prioritet “Qarabağ” idi. Çünki bu komanda avrokuboklarda çıxış edir. Bu komandanın heyətində avrokuboklarda çıxış etmək şansı var, Avropada göz önündə olursan. Əgər Rusiyaya qayıtsaydı, yenidən Avropaya düşmək çətin olardı. Burada yaş məsələsi də var. Düzdür, 32 yaş qapıçı üçün əsl oynayan vaxtdır. Amma hər halda, yenidən qayıtmaq çətin olardı.
- Andrey “Qarabağ”da özünü yaxşı tərəfdən göstərir. Maraqlıdır, Avropadan təkliflər var?
- Hazırda bizə heç kim müraciət etməyib. Əgər olsa belə, biz onu klubu yönləndirərdik. Belə isə heç bir klubla danışığımız olmayıb.
- Lunyov Rusiya millisinə də dəvət edilmişdi, amma zədələnmişdi. Sizcə, növbəti toplanışlara da dəvət olunacaq? “Qarabağ”da, Azərbaycan Premyer Liqasında oynayaraq Rusiya millisində bir nömrə olmaq realdır?
- Baxın, onu “Qarabağ”da 8 oyundan sonra milliyə çağırıblarsa, demək ki, realdır. Sonrası millidə özündən asılıdır. Düzdür, hazırda Matvey Safonov orada bir nömrədir. Amma niyə də olmasın? Əgər, futbolçu möhtəşəm oynayırsa, ona hansı sual ola bilər? Milliyə artıq dəvət edirlər. Ondan sonra da sübut edirsən, oynayırsan. Bizim millinin məşqçilər korpusu ilə, qapıçılar üzrə məşqçisi Vitali Skafanovla yaxşı münasibətimiz var. Hazırda özü “Rostov”da da işləyir. Daim onunla əlaqədəyik, hər zaman da Lunyova dəstəkdir. Əminəm ki, “Molde” - “Qarabağ” görüşünə də baxıb. Çünki baxacağını demişdi. Əminəm ki, növbəti millinin toplanışına dəvət edəcək.
- Yəqin ki, işlədiyiniz tək rusiyalı futbolçu Lunyov deyil. Gələcəkdə “Qarabağ”da başqa rusiyalı oyunçuları görə bilərik?
- Rusiyada yaxşı, səviyyəli, keyfiyyətli oyunçular var. Əgər “Qarabağ” kiməsə istəsə, niyə də yox? Burada problem görmürəm. Məsələn, “Qarabağ” hansısa mövqeyə, konkret ampluaya baxır və onları Rusiyadan razı salan oyunçu varsa, onlar baxarlar və bizim futbolçular da məmnuniyyətlə gələrlər. Burada problem görmürəm.
Lunyovun agenti: “Azərbaycan çempionatı son iki ildə yüksəlişdədir” - MÜSAHİBƏ
08.12.2023 - 14:53
0
0