“Qələbə qazandığımız üçün çox şadam. Özümün qol vurmağım isə bunun üstündə əlavə bonusdur”.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin və Zaqreb “Dinamo”sunun futbolçusu Mahir Emreli deyib.
Hücumçu Xorvatiya çempionatının II turunda “İstra” üzərində 4:1 hesablı qələbəyə bir qolla töhfə verib. Mahir oyundan sonra klubun saytına açıqlama verib: “Belimdəki ağrılar uzun müddətdir mənə əziyyət verirdi. Amma artıq problem arxada qalıb və özümü əla hiss edirəm. İndi komandama kömək edə bilərəm. Gündən-günə daha yaxşı olmağa və əvvəlki formamı bərpa etməyə çalışıram. Zədədən sonra qayıtmaq çətin olur. Amma peşəkar futbolda belə hallara daim rast gəlinir. Mən də artıq 6 görüşü buraxmışam. Belə bir komandada olduğuma xoşbəxtəm. Hər şeydən də məmnunam. Martin Baturina ilə komanda yoldaşı olmaq xoşdur. Onun oyununu bəyənirəm. Qol vurmağımda da onun böyük əməyi oldu”.
Qeyd edək ki, Emreli bu ilin əvvəlində “Legiya”dan “Dinamo”ya keçib.