Maksim Medvedev: “Hakimin bir az bizə qarşı antipatiyası var idi”
04.11.2022 - 00:35
Maksim Medvedev: “Hakimin bir az bizə qarşı antipatiyası var idi”

“Hami başa düşürdü ki, son oyundur və bizim üçün önəmlidir”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Maksim Medvedev deyib.

Təcrübəli müdafiəçi Avropa Liqasının qrup mərhələsinin “Frayburq”la oyunundan sonra jurnalistlərə açıqlama verib: “Çox yaxşı hazırlaşmışdıq. Baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirməyə çalışırdıq. Amma bu gün özümüz nə qədər istəsək də, nə qədər vuruşsaq da, bəzi şeylər alınmırdı. Elə bil ki, qol vəziyyətləri yaradanda bəzi məqamlar fərqlənməyimizə imkan vermirdi. Ümumi baxanda komanda əlindən gələni edə bildi. Nə bacardıqsa göstərdik”.

Maksim hakimlikdən şikayətlənib: “Çox problemlər var idi. Belə görünürdü ki, hakimin də bir az bizə qarşı antipatiyası var idi. Qol vururuq, dayandırıb VAR-a baxır, penalti epizodunda da. Hiss olunurdu ki, futbolçular stressin altına girdilər. Başladıq bir az kobud oynamağa, qırmızı aldıq. Amma uşaqlar sağ olsunlar, sonadək mübarizə apardılar. 10 nəfərlə qalsaq belə, bir qol vura bildik”.

Medvedev görüşün gedişində paralel keçən “Olimpiakos” – “Nant” matçından xəbərdar olub-olmamaqları barədə sualı da cavablandırıb: “1-ci hissədən sonra soyunub-geyinmə otağına gələndə istər-istəməz maraqlı idi. Orda hesab 0:0 idi. Onu bilirdik. Oyundan əvvəl baş məşqçi bizə tapşırmışdı. Bizə fərqi yox idi ki, onlar orda necə oynayacaq. Öz oyunumuzu oynayıb qalib gəlməyə çalışacaqdıq”.

Maksim Avropa Liqasının pley-offuna çıxmağa nəyin mane olması barədə sualı cavablandırıb: “Analiz etsək, çox şey danışmaq olar. Amma bu gün bir az da bəxtimiz olsaydı, qol imkanlarından istifadə edə bilsəydik, ola bilsin 1-ci yerlə də çıxa bilərdik. Baxmayaraq ki, birinci turda “Frayburq”la oynamışdıq. İlk 20 dəqiqəni yaxşı oynamasaq da, sonra matçı öz üzərimizə götürdük. Almaniyadan azından bir xalla da qayıda bilərdik. Təəssüf ki, bura Azərbaycan çempionatı deyil, başqa səviyyədir. Burda xırda səhvlərə görə rəqib səni cəzalandıra bilər. Azarkeşləri də başa düşmək olar. Bunu özümüz etmişik. İndiyədək Konfrans Liqasının pley-offunu da görməmişdik. Buna çatandan sonra azarkeşlər də, özümüz də daha çoxunu istəyirik ki, irəli gedək. Amma istəyimiz çatmır. Tək istəkdən asılı deyil, ustalıq da olmalıdır. Biz daim, öz çempionatımızda da bu tempdə oynasaq, daha böyük nəticələrdən danışa bilərik. Bir az uyğun gəlmir. Biz Nanta getdik, ordan da Şamaxıya qayıtdıq və sintetikada oynadıq. Çox böyük fərq var. Uyğunlaşa bilmirik. Yol da uzaq olur - Almaniya və Fransaya. Belə xırda məqamlar bizə bir az qabağa getməyə imkan vermir. Bütün bunlara öyrəşməliyik. Futbolçular öz üzərində daha çox çalışmalıdır. Dərk etməlidirlər ki, hansı oyuna çıxır və kimə qarşı oynayırıq. İnanıram ki, bütün oyunları analiz edəcəyik. Gələn il daha da formalaşmış komanda görə biləcəyik”.

Qeyd edək ki, “Qarabağ” – “Frayburq” matçı 1:1 hesabı ilə nəticələnib.

writer photo
Əlirza Əlirzalı
0