“Olimpiakos”un son transferlərindən olan Marselonun Yunanıstan klubunun heyətində debütü ləngiyir.
Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, ulduz futbolçunun Pirey klubunda meydana çıxması daha bir neçə gün yubanacaq.
Braziliya millisinin üzvü ölkə çempionatının son turunda “Atromitos”la (2:0) qarşılaşmanın iştirak ərizəsinə salınsa da, ehtiyatda qalıb. Baş məşqçi Miçel 34 yaşlı müdafiəçinin durumundan məmnun olsa da, onu riskə atmaq istəmir. Bu üzdən ispaniyalı çalışdırıcı cinah oyunçusunu Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la sabah keçiriləcək matçda meydana buraxmağı düşünmür.
Bildirilib ki, Marselonun oktyabrın 15-dən sonra tam hazır olması və şans əldə etməsi gözlənilir. Belə olarsa, o, “Qarabağ”la hətta Bakıdakı cavab görüşünü də buraxmalı olacaq.
Qeyd edək ki, sabah “Georgios Karaiskakis” stadionunda keçiriləcək “Olimpiakos” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.