“Sabah”ın baş məşqçisi Murad Musayev cəzalandırılıb.
Apasport.az saytının məlumatına görə, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi çıxarıb.
Qurum rusiyalı mütəxəssisi Misli Premyer Liqasının XXIII turundakı davranışına görə belə addım atıb. O, “Sabah” – “Turan Tovuz” oyununda texniki zona qaydalarını pozaraq hakimə etiraz etdiyinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb.
İntizam Komitəsi Musayevi 2 matç cəzalandırıb, klubu 1600 manat cərimə edib. “Sabah”ın texniki zonasından meydançaya kənar əşyanın atılmasına görə bakılılar daha 1600 manat cərimələnib.
Bu qarşılaşmada 4 futbolçusu sarı vərəqə alan Tovuz təmsilçisi 800 manat ziyana düşüb. “Neftçi” ilə matçda 4 oyunçusu sarı vərəqə ilə cəzalanan “Səbail”in də cəzası eyni olub.
“Neftçi”nin azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyinə görə klub 4000 manat cərimə ödəyəcək. Görüşdən əvvəl meydançanın vaxtında sulanmamasına görə “ağ-qaralar”a xəbərdarlıq edilib.
“Kəpəz” – “Şamaxı” görüşündə topdaşıyanları topları oyunçulara ötürərkən vaxtı uzatdıqlarına görə Gəncə klubuna xəbərdarlıq edilib.