“Vəziyyət çox çətindir. Rusiya yığması rəsmi oyunlar keçirə bilmir, turnirlərə qatılmır”.
Apasport.az saytının məlumatına görə, bunu “Sabah”ın rusiyalı baş məşqçisi Murad Musayev ölkəsinin mətbuatına açıqlamasında deyib.
Gənc mütəxəssis Rusiya millisinin diskvalifikasiya səbəbindən rəsmi turnirlərdə iştirak edə bilməməsinə münasibət bildirib. O, belə durumda yoldaşlıq görüşlərinin təşkilini müsbət hesab edir: “Yoldaşlıq oyunları keçirmək imkanı var ki, komandamızın bundan istifadə etməsi düzgündür. Yeni oyunçular cəlb olunur, onlara milli komanda səviyyəsində baxırlar. Düzdür, iş dayanmır, bu da vacibdir. Vəziyyət necə olursa-olsun, ümid edirəm ki, tezliklə hər şey öz həllini tapacaq”.
Musayev Rusiya ilə Azərbaycan yığmaları arasında yoldaşlıq görüşü keçirilməsini arzuladığını da gizlətməyib: “Rusiya - Azərbaycan oyunu? Çox istərdim ki, belə bir qarşılaşma baş tutsun. Maraqlı oyun olardı. Amma təəssüf ki, mənim federasiya ilə heç bir əlaqəm yoxdur. Ona görə də Azərbaycanda insanların bu barədə nə düşündüyünü bilmirəm. Bakıda yaxşı stadion var, belə bir qarşılaşma marağın artmasına səbəb olardı”.
Qeyd edək ki, FIFA və UEFA Rusiya yığmasını və klublarını beynəlxalq yarışlardan kənarlaşdırıb.