Natan Oduva: “Heç bir komandanın bizdən çox güclü olduğuna inanmıram”
27.01.2023 - 15:31
Natan Oduva: “Heç bir komandanın bizdən çox güclü olduğuna inanmıram”

“Qarabağ”la matçda iki dəfə hesabda geri düşdük və status-kvonu bərpa etmək üçün çox çalışdıq. Lakin bu, xal qazanmaq üçün kifayət etmədi. "Qarabağ"la oyunda xala layiq olsaydıq, bunu qazanacaqdıq”.

Bunu apasport.az saytına “Turan Tovuz”un futbolçusu Natan Oduva deyib. 

O, Misli Premyer Liqasının XIX turunda “Qarabağ”a məğlubiyyətlərini (2:3) şərh edib. İngiltərəli legioner hesab 2:2 olduqda “Qarabağ”ın daha təhlükəli olduğunu deyib: “Çünki onlar tempi artırıb oyunda üçüncü dəfə önə keçməyə çalışırdılar. Bəli, bu mövsüm onlara üç dəfə uduzmuşuq. Düşünürəm ki, “Qarabağ” çox yaxşı komandadır. Onlar bunu Avropa səhnəsində də nümayiş etdirirlər və dünyada tanınan ən böyük klublarla rəqabət apara bilirlər. Bu, konsentrasiya və soyuqqanlılıqla bağlıdır. Oyunun qollarına baxsanız, görərsiz ki, hamısı başla vuruldu. Futboldur, ən kiçik səhvlərə görə ən yaxşı komandalar cəzalandırır. Heç bir komandanın bizdən çox güclü olduğuna inanmıram, bu, bizim Premyer Liqadakı ilk mövsümümüzdür. Əlimizdən gələni edirik”. 

Oduva növbəti turda “Sumqayıt”a qarşı layiqli mübarizə aparacaqlarını deyib: “Biz onlara hörmət etməliyik. Çünki “Sumqayıt” da çox mübarizə aparır və yeni transferlər edib. Ona görə də çətin oyun olacaq. Lakin son oyunda oynadığımız standartda oynasaq, nəticə əldə edə biləcəyimizə əminəm”.

Qeyd edək ki, “Sumqayıt” – “Turan Tovuz” matçı yanvarın 30-da olacaq. 

writer photo
Əlirza Əlirzalı
0