“Neftçi”dən 2 illik müqavilə
01.06.2023 - 14:04
“Neftçi”dən 2 illik müqavilə

“Neftçi” İtaliyanın məşhur brendi “Errea” idman malları şirkəti ilə sponsorluq müqaviləsi imzalayıb.

Apasport.az saytının məlumatına görə, imzalanma mərasimi “Bakcell Arena”nın konfrans zalında təşkil olunub.

Anlaşma 2 illik nəzərdə tutulub. Müqaviləni “Neftçi”nin prezidenti Kamran Quliyev və “Errea”nın ixrac üzrə meneceri Karlo Stronati imzalayıb.

Razılaşmaya əsasən, İtaliya şirkəti “Neftçi”nin əsas, əvəzedici və akademiya komandalarını bütün (oyun, məşq və digər) geyim dəsti ilə təmin edəcək. Bu əməkdaşlığı fərqləndirən məqam ondan ibarətdir ki, geyim dəstləri xüsusi olaraq “Neftçi” üçün dizayn edilərək hazırlanıb.

Yaxın müddətdə klubun “Bakcell Arena”dakı fan-şopunda bu geyim dəstlərinin satışı da təşkil olunacaq. “Neftçi”nin ev oyunları zamanı stadionun reklam lövhələrində “Errea”nın fəaliyyəti ilə bağlı təbliğat materialları yerləşdiriləcək. “Neftçi TV”, həmçinin klubun sosial şəbəkələrində şirkətin loqosunun yer aldığı reklam xarakterli paylaşımlar ediləcək. Müqaviləyə uyğun digər marketinq xidmətləri də göstəriləcək.

Qeyd edək ki, “Errea” hazırda şirkətin prezidenti olan Ancelo Qandolfi tərəfindən 1988-ci ildə yaradılıb. Qərargahı Romada yerləşən şirkət tekstil geyimlərini zərərli kimyəvi maddələrdən azad olunmasını təmin etmək üçün “Oeko-Tex” texnologiyasından istifadə edən ilk şirkətdir. UEFA-nın da partnyoru olan şirkət futbolla yanaşı, digər idman növlərində də milli komanda və klublarla əməkdaşlıq edir.
 

writer photo
Əlirza Əlirzalı
0