Rusiya Premyer Liqası klubu “Ximki”də oynayan Nemanya Ancelkoviç Apasport.az saytına danışıb.
Serbiyalı futbolçu 3 il formasını geyindiyi “Zirə”nin avrokuboklardakı çıxışından danışıb:
- "Zirə" bu mövsüm avrokuboklarda uğurlu çıxış edirdi, amma dünən Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda "Omoniya"ya 0:6 hesabı ilə uduzdu. Bu nəticə sənin üçün gözlənilməz oldu?
- Düzünü desəm, "Zirə"nin bu cür hesabla uduzacağını təbii ki, gözləmirdim. Açığı, Nikosiyadakı görüşdə heç-heçə olacağını düşünürdüm. Bakıda isə "Zirə"nin "Omoniya"ya qalib gələrək qrup mərhələsinə vəsiqə qazanacağına inanırdım. Amma bu futboldur da, nə zaman nə baş verdiyini bilmək olmur. Baş verən hər şey normaldır. Oyun elə başladı ki... Amma "Zirə" bu nəticəyə layiq deyildi. Bu komanda daha çoxunu haqq edir. Nə etmək olar? Futboldur da, bəzən belə nəticələr də qeydə alınır.
- Səncə, "Zirə" nəyə görə bu cür hesabla uduzdu? Nə çatışmadı ki, belə alındı?
- Nəyə görə belə nəticə olduğu barədə nəsə deyə bilmərəm. Amma dəqiq onu deyə bilərəm ki, "Zirə" çox yaxşı komandadır, heyətdə çox yaxşı futbolçular var. Heç nə olmaz da, futboldur, hər şey olur. "Omoniya"ya bu cür məğlubiyyət "Zirə"ni daha da gücləndirəcək. Görəcəksiniz.
- Bu komanda demək olar ki, əvvəlki oyunlardakı kimi oynaya bilmədi. Səncə, niyə "Zirə" əvvəlki oyunlardakı kimi oynaya bilmədi?
- Bilirsiz, bəzi səbəblər var. Ola bilər ki, qrup mərhələsi öncəsi son oyun idi deyə, klub və oyunçulara böyük təzyiq var idi. Yoxsa, futbolçuların və ümumilikdə komandanın meydanda maksimumu verdiyinə inanıram. Son oyunlarda "Zirə" nəyə qadir olduğunu göstərmişdi. Bu komanda yaxşı komandaları belə, məğlub edə biləcəklərini göstərmişdilər.
- Hər halda, 0:6 hesablı məğlubiyyətdən sonra "Zirə" üçün avrokuboklar macərası bitmiş oldu? Yoxsa, geridönüş üçün möcüzəyə yer var?
- Bilirsiz, futbolda hər şey mümkündür. Amma 6:0 böyük hesabdır. Məncə, artıq hər şey başa çatıb. Sadəcə inanıram ki, "Zirə" Bakıda "Omoniya"ya qarşı çox yaxşı oyun nümayiş etdirəcək.
- Adətən, komandalar uğurlu çıxış edib ağır məğlubiyyət alandan sonra, enişə gedirlər. Bu cür ağır məğlubiyyətdən sonra "Zirə"də də eniş olacağını düşünürsən?
- Bayaq dediyim kimi, məncə, "Zirə" bu cür məğlubiyyətdən sonra daha da güclü ola bilər. Çünki səhvləri də analiz edəcəklər və çempionatda böyük motivasiya əldə edəcəklər. Avrokuboklar uğrunda mübarizəyə qoşulacaqlar. Artıq çempionata da da çox yaxşı qələbələrlə başlayıblar. Ardıcıl iki oyunu udublar. Fikrimcə, bu mövsüm də "Zirə" çox yaxşı mübarizə aparacaq və yeni sezon yenə də avrokuboklarda bu komandanı görəcəyik. Onlara uğurlar arzulayıram.