Omar Hani: "Bütün futbolçular “Qarabağ” və “Neftçi”də oynamaq istəyər"
15.02.2024 - 21:22
Omar Hani:  "Bütün futbolçular “Qarabağ” və “Neftçi”də oynamaq istəyər"

“Qəbələ”dən ayrılaraq “Doha” ilə anlaşan İordaniya millisinin üzvü Omar Hani apasport.az saytına müsahibə verib.

- “Doha” klubuna transferin necə baş tutdu? Çoxdan sizə təklif göndərmişdilər?

- Bəli, artıq “Doha”nın futbolçusuyam. Təklif çoxdan gəlməmişdi. Fasilə zamanı bu klubun baş məşqçisi və prezidenti mənə maraq göstərdilər. Danışdıq, anlaşdıq və mən də Kiprə qayıtmağa razılıq verdim.

- Maraqlıdır, başqa təklifləriniz olubmu? Azərbaycan klubları səni istəyirdi? Onların təklifindən niyə imtina etdiniz?

- Xeyr, Azərbaycanın başqa klublarından təklif almamışdım. Gəlsə idi, düşünərdim. Amma düzü, heç bir təklifim olmadı. 

- Ümumiyyətlə, Azərbaycanda oynamaq istədiyiniz komanda varmı?

- Mən hazırdam “Doha”dayam. Azərbaycanda - “Qəbələ”də oynadığım dönəmdə də həmin komanda üçün ən yaxşısını etməyə çalışmışam. Hansı klubda oynamaq istəməyim barədə danışmağım bəlkə də düz çıxmaz. Təbii ki, bütün futbolçular “Qarabağ” və “Neftçi”də oynamaq istəyər.

- “Qəbələ”dən ayrılmağına səbəb nə oldu? 

- Dediyim kimi, “Doha” rəhbərliyi məni komandada çox görmək istəyirdi. Sağolsun, “Qəbələ” ilə də danışdıq, onlar getməyimə icazə verdi. “Qəbələ”ni çox sevirəm. Orada olduğum dönəmdə də ən yaxşısı üçün çalışmışam. Klubla yaxşı münasibətim var. Pis olması üçün heç bir səbəb də yox idi. Mən sadəcə yenilik istəyirdim. Ona görə bu addımı atdım.

- Ümumiyyətlə, Azərbaycan futbolu, çempionat və “Qəbələ” sizin xatirənizdə necə qalacaq? Azərbaycan futbolunu necə xatırlayacaqsınız? Mənfi və müsbət xüsusiyyətlər…

- “Qəbələ”ni çox sevirəm. Azərbaycanla, Azərbaycan futbolu ilə bağlı isə yalnız xoş xatirələrim var. Azərbaycan xalqını da çox sevirəm. Mənim üçün mənfi məqam yoxdur. Hər şey çox yaxşı keçdi. Azərbaycan xalqı və futbolu da xatirimdə hər zaman müsbət qalacaq.

- Azərbaycana geri qayıtmağın mümkün deyil? Azərbaycan karyeranı sanki birdəfəlik bitirmisən…

- Əlbəttə ki, belə deyil. Azərbaycandan yaxşı təklif olarsa, niyə də geri qayıtmayım? Hər şey mümkündür. Yaxşı təklif gələcəksə, danışacağıq və geri də qayıda bilərəm. Sadəcə indi “Doha”dayam və komandaya xeyir vermək üçün çalışıram.

writer photo
Əlirza Əlirzalı
0